AZ

Azərbaycan xalqına Zəfər sevincini bəxş edən qalib Prezident

Azərbaycanın müasir tarixində Zəfər anlayışı yalnız hərbi qələbə ilə məhdudlaşmır, o, siyasi iradənin, milli birliyin, uzunmüddətli strateji düşüncənin və qətiyyətli liderliyin təntənəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti 30 ilə yaxın davam edən işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa etmiş, xalqın tarixi ədalət gözləntisini reallığa çevirmişdir...

Dövlət başçısının “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq” fikri illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin əsas ideoloji xəttini təşkil etmiş və bu xətt 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərlə nəticələnmişdir.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət mərhələsinə yüksəldilmişdir. 2003-cü ildən etibarən ordu quruculuğu dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edilmiş, planlı və ardıcıl tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrilmişdir. Maddi-texniki bazanın müasirləşdirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil təminatı, eyni zamanda müdafiə sənayesinin inkişafı ordunun döyüş qabiliyyətini əsaslı şəkildə artırmışdır. Azərbaycan bu gün öz hərbi sənaye potensialı hesabına ordusunu mühüm silah və texnika ilə təmin etmək imkanına malikdir.

Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin müdafiə qabiliyyətinin mühüm dayaqlarından birinə çevrilmişdir. Mindən artıq hərbi təyinatlı məhsulun istehsalı, pilotsuz uçuş aparatları, zirehli texnika və atıcı silahların yerli zavodlarda hazırlanması strateji müstəqilliyin mühüm göstəricisidir. Beynəlxalq hərbi sərgilərdə Azərbaycan məhsullarının nümayişi ölkəmizin bu sahədə qazandığı nüfuzu təsdiqləyir. Eyni zamanda, bir sıra ölkələrlə imzalanmış hərbi-texniki əməkdaşlıq sazişləri ordunun modernləşdirilməsində mühüm rol oynamışdır.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının iradəsinin, dövlətin gücünün və Müzəffər Ali Baş Komandanın qətiyyətinin təntənəsi oldu. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşmən üzərində sarsıdıcı qələbə qazanaraq 300-dən çox şəhər və kəndi işğaldan azad etdi. Şuşanın azad edilməsi bu Zəfərin zirvəsi olmaqla yanaşı, həm də milli qürurun, tarixi ədalətin bərpasının rəmzinə çevrildi. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və Azərbaycanın ərazi bütövlüyü faktiki olaraq təmin edildi.

Qələbənin hərbi salnaməsi ilə yanaşı, onun diplomatik ölçüsü də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müharibə dövründə dünyanın aparıcı media qurumlarına verdiyi 30-dan çox müsahibə informasiya savaşında Azərbaycanın qələbəsini təmin etdi. Bu müsahibələr münaqişə ilə bağlı beynəlxalq ictimai rəyin dəyişməsində həlledici rol oynadı. Prezidentin çıxışlarında konkretlik, hüquqi əsaslandırma, qətiyyət və faktlara söykənən arqumentasiya müasir dövr üçün yeni diplomatik nitq modelinin formalaşmasına səbəb oldu.

Qələbə nəticəsində Azərbaycan dövlət suverenliyini tam bərpa etdi. 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində Qarabağ iqtisadi rayonunda konstitusiya quruluşu təmin olundu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması isə Azərbaycanın sərhəd bütövlüyünün tam təmin olunmasının rəmzi oldu. Azərbaycan Bayrağı bütün ərazilərimizdə əbədi dalğalanmağa başladı.

Qələbənin əbədiləşdirilməsi dövlət siyasətinin mühüm istiqamətinə çevrilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də 15 medal təsis edilmiş, Vətən müharibəsinin 160 minə yaxın iştirakçısı müxtəlif dövlət təltiflərinə layiq görülmüşdür. Zəfər Günü təsis olunmuş, Zəfər paradları keçirilmiş, Vətən Müharibəsi Memorial Kompleksi, Hərbi Qənimətlər Parkı, Zəfər Parkı və Zəfər Muzeyi yaradılmışdır. Bütün bunlar Zəfərin milli yaddaşda əbədi yaşadılmasına xidmət edir.

Postmüharibə dövrünün əsas strateji xətti Böyük Qayıdış proqramının icrasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa və yenidənqurma işləri aparılır. 2020–2026-cı illər ərzində bu məqsədlə 25 milyard manatdan çox vəsait ayrılmışdır. Şəhərlərin baş planları hazırlanmış, yollar, hava limanları, elektrik stansiyaları, sosial obyektlər inşa edilmiş, minatəmizləmə işləri geniş miqyas almışdır. Hazırda azad edilmiş ərazilərdə 60 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Qələbə yalnız keçmişin ədalətini bərpa etmədi, həm də region üçün sülh, sabitlik və davamlı inkişaf perspektivləri yaratdı. Azərbaycanın təşəbbüsləri regionun nəqliyyat-logistika imkanlarını genişləndirir, iqtisadi əməkdaşlıq üçün yeni platformalar formalaşdırır. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası Azərbaycanı regional güc mərkəzinə çevirən əsas amillərdən biridir.

Prezident İlham Əliyevin liderliyinin mühüm xüsusiyyətlərindən biri də sevincli günləri xalqı ilə bölüşməsidir. Dövlət başçısı ad günlərini sosial obyektlərin açılışında, məcburi köçkünlər, şəhid ailələri və qazilərlə birlikdə qeyd etməyi ənənəyə çevirib. 50 illiyini məcburi köçkünlərlə Ağcabədidə, 60 illiyini isə Şuşada qeyd etməsi Prezidentin xalqla mənəvi bağlılığının bariz nümunəsidir. Ağdamda, Şuşada, Qarabağın müxtəlif bölgələrində ad günlərində açılış və təməlqoyma mərasimlərində iştirakı onun “xalq üçün, xalqla birgə” idarəetmə fəlsəfəsinin real təzahürüdür. Bu yanaşma Prezident İlham Əliyevin liderlik modelinin humanist və milli mahiyyətini bir daha təsdiqləyir.

Polkovnik-leytenant Ehtiram Məmmədov, “Qarabağ” ordenli qazi, Sumqayıt şəhər sakini

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr