AZ

“Azərbaycanın tolerantlıq modeli sülh və qardaşlıq ideyasının dünyaya təqdimatıdır” Ramin Məmmədov

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

“Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyət dairəsini genişləndirərək onlarla xarici ali təhsil müəssisəsi ilə tərəfdaşlıq sazişləri imzalaması milli ilahiyyat elmimizin dünya elmi mühitinə inteqrasiyası baxımından böyük nailiyyətdir. Müasir standartlara cavab verən bu təhsil ocağı dövlətçilik ruhunda formalaşan gənc ilahiyyatçıların əsas mərkəzinə çevrilib”.

SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib.

Komitə sədri bildirib ki, mənəvi mühitin qorunması yalnız fiziki bərpa ilə məhdudlaşmır: “Bu, eyni zamanda xalqın mənəvi maarifləndirilməsi və intellektual səviyyəsinin yüksəldilməsini ehtiva edir. Sağlam dini biliklərin elm və milli tarixlə vəhdətdə təqdim olunması cəmiyyət üçün daha faydalı nəticələr verir”.

Ramin Məmmədov “Hər məsciddə kitabxana” layihəsinin əhəmiyyətinə xüsusi diqqət çəkib: “Bu layihə sayəsində məscidlər təkcə ibadət məkanı deyil, həm də fəlsəfə, tarix, dünya ədəbiyyatı və klassik irsimizi əks etdirən bilik mərkəzlərinə çevrilir. Layihənin əsas məqsədi xüsusilə gənc nəsildə geniş dünyagörüşü formalaşdırmaq, onları dini radikalizm və xurafatdan uzaq tutmaqdır".

O qeyd edib ki, xarici ölkələrin dini liderlərinin və diplomatik korpus nümayəndələrinin Azərbaycana səfərlərinin təşkili ölkəmizin tolerantlıq mühitinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verir: “Bu səfərlər Azərbaycana qarşı yönəlmiş qərəzli ideoloji kampaniyaların qarşısının alınmasında mühüm rol oynayır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki dini irsimizin taleyinin və dövlətimizin bu irsə sahib çıxma əzminin beynəlxalq ictimaiyyətə çatdırılması son dərəcə vacibdir".

Komitə sədri cari ilin mənəvi həyatında xüsusi yer tutan “Fərqliliyin rəngi” festivalına da toxunub: “‘Konstitusiya və Suverenlik İli’ çərçivəsində keçirilən bu festival Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə formalaşmış nümunəvi tolerantlıq mühitinin canlı nümayişi oldu. Festivalda müxtəlif dini icmaların ənənələrini əks etdirən nəşrlər, milli geyimlər və əl işləri Azərbaycanın dini-mədəni müxtəlifliyinin zənginliyini bir daha sübut etdi".

Ramin Məmmədov vurğulayıb ki, müxtəlif konfessiyalara məxsus musiqi qruplarının eyni səhnədə çıxış etməsi dinlərarası harmoniyanın bariz ifadəsi idi: “Bu festival Azərbaycanın dünyaya ‘dinlər savaşı’na alternativ olaraq təqdim etdiyi sülh və qardaşlıq modelinin unikal təqdimatıdır”.

Komitə sədri çıxışının sonunda qeyd edib ki, Azərbaycanın tətbiq etdiyi dövlət-din münasibətləri modeli milli sərvət hesab olunmalıdır: “Biz fəxr edirik ki, ölkəmizdə məscidlərin, kilsələrin və sinaqoqların qapıları hər kəsin üzünə eyni səmimiyyətlə açıqdır və bu ibadətgahların hər biri dövlətin qayğısı ilə əhatə olunur. Tolerantlıq və multikulturalizm bizim həm şərəfli keçmişimiz, həm də firavan gələcəyimizin təminatıdır".

Ramin Məmmədov əlavə edib ki, dövlətimizin qüdrətlənməsi və xalqımızın birliyinin möhkəmlənməsi naminə bu mənəvi bütövlüyün qorunması hər bir vətəndaşın müqəddəs borcudur: “Bu dəyərlər əcdadlarımızdan bizə miras qalan müqəddəs missiyadır və onu gələcək nəsillərə ötürmək hər birimizin məsuliyyətidir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
sia.az

2Mənbələr