AZ

"Prezident İlham Əliyevin rəhbərliyi müasir Azərbaycan tarixində qızıl dövrdür"- Deputat

"Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr müasir Azərbaycan tarixində müstəsna yer tutur. Bu mərhələ güclü dövlət quruculuğu, milli maraqlara əsaslanan prinsipial siyasət, qətiyyətli liderlik və qalib xalqın formalaşması ilə səciyyələnir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Vasif Qafarov qeyd edib ki, Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə hər şeydən əvvəl 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə ilə əbədi həkk olunub.

Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqları azad etməklə beynəlxalq hüququn norma və prinsiplərini faktiki olaraq bərpa edib:

"Bu Qələbə təkcə hərbi üstünlük deyil, milli iradənin, siyasi uzaqgörənliyin və dövlət gücünün təntənəsi kimi qiymətləndirilir".

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın öz suverenliyini qorumağa qadir olduğunu bir daha sübut edib və bu suverenliyin danışıqlar mövzusu olmadığını nümayiş etdirib. Müharibədən sonrakı dövrdə həyata keçirilən ardıcıl addımlar, ölkənin bütün ərazisində konstitusiya quruluşunun təmin olunması və sərhədlər üzərində tam nəzarətin bərqərar edilməsi dövlətçiliyimizin möhkəmliyinin göstəricisidir.

Vasif Qafarov azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə də diqqət çəkib.

Onun sözlərinə görə, qısa müddətdə inşa edilən beynəlxalq hava limanları, müasir yollar, dəmir yolu xətləri, enerji infrastrukturu, sosial obyektlər və yaşayış məntəqələri prezidentin strateji baxışının və güclü idarəetmə modelinin nəticəsidir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi isə Azərbaycanın postmünaqişə inkişaf modelini dünyaya nümunə kimi təqdim edir.

Deputat qeyd edib ki, "Böyük Qayıdış Proqramı" çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması tarixi ədalətin bərpası olmaqla yanaşı, dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını göstərir.

Millət vəkilinin fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın dayanıqlı inkişafını təmin edib. Qeyri-neft sektorunun genişləndirilməsi, regionların inkişafı, sənayeləşmə siyasəti, rəqəmsal transformasiya və sahibkarlığın dəstəklənməsi iqtisadiyyatın yeni mərhələyə yüksəlməsinə şərait yaradıb. Eyni zamanda, sosial rifahın yaxşılaşdırılması, əməkhaqları və pensiyaların mütəmadi artırılması sosial ədalətə əsaslanan siyasətin nəticəsidir.

"Prezidentin həyata keçirdiyi xarici siyasət kursunun Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib. "Qoşulmama Hərəkatı"na sədrliyi dövründə Azərbaycan qlobal miqyasda ədalətin, beynəlxalq hüququn və dövlətlərin suverenliyinin müdafiəçisi kimi tanınıb. Enerji və nəqliyyat sahəsində reallaşdırılan strateji layihələr, o cümlədən Orta Dəhlizin inkişafı ölkəmizin geosiyasi əhəmiyyətini artırıb.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirərək güclü, müstəqil və qalib Azərbaycan dövləti modelini formalaşdırıb",- deyə o, vurğulayıb.

Sonda Vasif Qafarov Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə fəaliyyətində yeni uğurlar arzulayıb.

Seçilən
32
operativmm.az

1Mənbələr