AZ

Fariz İsmayılzadə: Azərbaycanla Ermənistan arasında praktik əməkdaşlıq dayanıqlı sülhə aparır

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycanla Ermənistan arasında son aylarda müşahidə olunan normallaşma prosesi regionda dayanıqlı sülhün bərqərar olunmasına real zəmin yaradır. Ermənistana neft məhsullarının göndərilməsi, eləcə də üçüncü ölkələrdən taxıl məhsullarının Azərbaycan ərazisindən tranziti artıq iki ölkə arasında praktik əməkdaşlığın başladığını göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib.

Deputat qeyd edib ki, Vaşinqtonda imzalanmış sənədlər sadəcə siyasi bəyanatlar deyil, konkret nəticələr verən mexanizmlərdir: “Bu proseslər sübut edir ki, biz real və dayanıqlı sülhə doğru irəliləyirik. Artıq əməkdaşlıq mərhələsinə keçid baş verib və bu, Cənubi Qafqazın tarixində yeni bir səhifənin açılması deməkdir”.

F.İsmayılzadənin sözlərinə görə, hər iki ölkənin sərhədlərin açılmasına, ticarət əlaqələrinin qurulmasına yönəlmiş siyasəti müharibə mərhələsinin geridə qaldığını göstərir: “Bu, Prezident İlham Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış uzaqgörən siyasətinin nəticəsidir. Məqsəd ölkəmizin sabitlik və dayanıqlı sülh şəraitində inkişafını təmin etmək, regionda normallaşmanı möhkəmləndirməkdir”.

Deputat vurğulayıb ki, mövcud proseslər Azərbaycanın regional əməkdaşlıqda konstruktiv və etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir və bu xətt gələcəkdə də davam etdiriləcək.

Seçilən
20
azertag.az

1Mənbələr