Bəylər Əyyubovun mühüm postdan götürülərək simvolik vəzifəyə təyin edilməsindən sonra onun rəhbərlik etdiyi klanın dövlət strukturlarında çalışan üzvlərinin “yarpaq tökümü” başlanıb.
Artıq Bəylər Əyyubovun qardaşı oğlu, Dövlət Gömrük Komitəsində idarə rəisi olan gömrük xidməti general-mayoru Həsən Eyyubov işdən azad edilib, ardınca onun qardaşı Ruslan Əyyubov saxlanılıb.
Söz yox ki, H.Əyyubov bu vəzifəyə dövlətdə mühüm post tutan əmisinin himayəsi ilə gəlib. O, B.Əyyubovun qardaşı oğlu olmasaydı, general-mayor da ola bilməzdi.
Eləcə də B.Əyyubovun yüksək, mühüm, mənfəətli vəzifələr tutan, uğurlu iş adamlarına çevrilərək milyonlar qazanan digər qohumları da əldə etdikləri mənsəb və sərvətlər üçün məhz keçmiş mühafizəçiyə borcludurlar.
Prezidentin mühafizə xidmətinin rəisinin müavini və rəisi vəzifələrində işləyərkən general-polkovnik Bəylər Eyyubov olduqca nüfuzlu adam idi. Çətin ki, hansısa nazir və ya komitə sədri onun istənilən xahişini nəzərə almamağa cəsarət edə biləydi. Bu, həmin “cürətli” məmur üçün böyük risk olardı və çox çəkməzdi ki, cəzalanardı.
Bu baxımdan Bəylər müəllimin qohumların karyera pillələrində irəliləməsi, gəlirli biznes strukturları yaratması çətin olmayıb.
Ancaq hiss olunur ki, dövran dəyişib. İndi B.Əyyubov dövlət başçısının bir addımlığında deyil, dövlətdə o qədər də populyar və geniş səlahiyyətləri olmayan post tutur. İndi o, artıq öz qohumlarını qoruya bilmir.
Bir neçə ay öncə onun bir qardaşoğlunu vəzifədən çıxarmaz, digərini saxlamaz, malik olduqları varidatlar barədə informasiya yaymazdılar. İndi üçünü də edirlər. Deməli, Əyyubovların qanunlar qarşısında immunitetləri yoxdur, əksinə, onlar qanunçuluğun keşiyində duran hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüblər.
Bu dalğanın Əyyubov klanının digər üzvlərini də vuracağı ehtimal olunur. Adətən, belə olur. Nüfuzlu himayədar gözdən düşəndən, postunu itirəndən sonra vaxtilə onun kölgəsinə sığınanların da bir-bir, iki-bir “dənlənməsi” prosesi başlanır.
Sözügedən klanın nəyə görə gözdən düşməsinin səbəbləri geniş ictimaiyyətə, jurnalistlərə bəlli deyil. Hələlik bu xüsusda real informasiyaya çıxışı olan azdır. Ancaq belə bir tendensiyanın olması faktdır. İndiyə qədər yüksək vəzifələr tutan, qanunların fövqündə yaşayan adamlara qarşı münasibətin birdən-birə dəyişməsi səbəbsiz ola bilməz.
Ağıla gələn ilk versiya klan üzvlərinin korrupsiya maxinasiyalarıdır. Zatən, belə bir ittiham və bu iş üstündə həbs edilənlər var. Ancaq məsələ ondadır ki, o şəxslər vəzifəyə təyin edildikləri gündən bu işlərlə məşğul idilər.
Bu hadisə təkcə Əyyubovların başına gələn vaqiə deyil. Bundan əvvəl də yüksək dövlət vəzifələrində təmsil olunan xeyli adam zamanla köklənib, rişələnib və klan rəhbərinə çevrilib. Bir çox nazirlərin qardaşlarının İH başçısı, prokuror, hakim, qudalarının komitə sədri, xidmət, agentik rəhbəri, digər qohumlarının müxtəlif nazirliklərdə müavin, idarə rəisi olmaları normal sayılırdı.
Vəzifə tutmayan qohumların qısa müddətdə milyonçu iş adamlarına çevrilməsi də qeyri-adi hal və ya fenomen sayılmırdı. Hamı bilirdi ki, o adam hansısa bankdan bir neçə milyonluq krediti ən aşağı faizlə götürüb və biznesə yatırıb, bu minvalla qısa müddətdə varlanıb. Bunun adı proteksionizmdir, amma ölkəmizdə bu, qəbahət hesab edilmir.
Çətini bir yaxın qohumun yüksək vəzifə tutmasıdır. Ondan sonra onun təhsilli, təhsisilz qohumlarının çoxunun üzünə gün doğur, hərəsi tuşlu-tuşundan bir işin qulpundan yapışır, yaxud barmaqlarını tuşladıqları orta ranqlı postlara təyinat alırlar.
O cür ürəkaçan təyinetmə əmrlərinin bu cür də qanqaraldan azadetmə sərəncamları olur. Hələ ən salamatı vəzifədən sağ-salamat getməkdir. Yolu həbsə, istintaqa düşənlərin işi daha çətindir. İkincilərin yığdıqlarının müsadirə edilməsi ehtimalı daha böyükdür. Birincilər “paylaşmaq gözəldir” fəlsəfəsi sevməsələr də, məcburdurlar.
Dövlət büdcəsini, xalqın cibini talayan, vergidən yayınaraq milyonçuya çevrilənlərin “ülvi arzusu” budur: bir gün vəzifədən çıxsınlar, amma sərvətləri özlərində qalsın, asudə yaşasınlar. Ancaq bu, heç də hamıya qismət olmur. Güvənc yeri, klan rəhbəri sıradan çıxandan, gücünü itirəndən sonra kalan pul qazananların hamısının qapısı döyülür.
İndi sırada Əyyubov klanıdır. Bunda əvvəl Mehdiyev klanının zərərsizləşdirilməsi prosesi gedirdi. Ondan əvvəl Məmmədov klanı hədəfdəydi.
Bundan sonra isə başqa bir yüksək vəzifəli şəxsin öz ətrafında formalaşdırdığı mütəşəkkil qohumluq dairəsi dağıdılacaq.
Bu regionda qədimdən belədir: yetimxanada böyümüş birini yüksək vəzifəyə qoyursan, bir ayın içində ən böyük şadlıq sarayına sığmayacaq qədər yaxın qohumu peyda olur.
Xalid KAZIMLI/musavat.com/