AZ

Papa:“Miladda silahlar 24 saat susmalıdır”

Vatikan Dövlət Başçısı Papa XIV Leo xüsusilə Rusiya-Ukrayna müharibəsi olmaqla, dünya üzrə Milad bayramı münasibətilə 24 saatlıq atəşkəsə riayət olunması üçün çağırış edib.

"Cebheinfo.az" xəbər verir ki, Papa bu açıqlamanı dünən axşam saatlarında həftəlik istirahətini keçirdiyi Roma yaxınlığındakı Kastel Qandolfo qəsəbəsindəki iqamətgahından Vatikan istiqamətində yola düşərkən, onu gözləyən jurnalistlərin suallarını cavablandırarkən verib.

Xristian dünyasının Hz. İsanın doğumunu qeyd etdiyi Milad bayramı öncəsi bir çağırışı olub-olmadığı sualına Papa XIV Leo belə cavab verib: “Məni ən çox kədərləndirən məsələlərdən biri Rusiyanın Milad atəşkəsini rədd etməsidir. Bir daha bütün xoş niyyətli insanlara müraciət edirəm: Heç olmasa İsanın doğumunun qeyd olunduğu bu gündə Ukraynada və bütün dünyada 24 saatlıq atəşkəsə hörmətlə yanaşılsın.”

Yaxın Şərqdə, xüsusilə də Qəzzadakı vəziyyətlə bağlı sualı cavablandıran Papa Qüdsün Latın Patriarxı Kardinal Pierbattista Pizzaballanın son günlərdə Qəzzaya səfər etdiyini xatırladıb və bir saat əvvəl Qəzza şəhərindəki Müqəddəs Ailə Kilsəsinin keşişi Qabriel Romanelli ilə telefonla danışdığını bildirib.

Papa Qəzzada oktyabr ayında qüvvəyə minmiş atəşkəs və sülh planına toxunaraq deyib: “Onlar hələ də çox həssas bir vəziyyətin içində bayram keçirməyə çalışırlar. Ümid edirik ki, sülh razılaşması irəliləyəcək.”

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr