“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal QHT.az-a açıqlamasında bildirib ki, bu il təşkilat QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası QHT platformasının yaradılması ilə bağlı təşəbbüslər” layihəsini icra edib.
Onun sözlərinə görə, layihə çərçivəsində Bakıda Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu keçirilib və forumda Qazaxıstandan və digər ölkələrdən nümayəndələr iştirak edib:
"6 aylıq layihə çərçivəsində internet televiziyasında teledebatlar təşkil edilib, Türk dünyası ilə bağlı müxtəlif mövzulu yazılar hazırlanaraq mediada dərc edilib. Təşkilatımızın 2012-ci ildən fəaliyyət göstərən Ortaqdeyerler.az saytı yenilənib. Bütövlükdə, layihədə nəzərdə tutulan işlər yüksək səviyyədə icra olunub.
Bundan əlavə, yola saldığımız il təşkilatımızın tarixində xüsusi yeri olacaq bir tədbirdə tərəfdaş kimi çıxış etməyimiz oldu. Bakıda çoxsaylı qonaqların iştirakı ilə keçirilən Türk Dövlətləri QHT-lərinin Əməkdaşlıq Forumunda “Ortaq Dəyərlər” İctimai Birliyi olaraq təşkilatçı tərəfdaş qurumlardan biri oldu. Bu, bizim üçün böyük şərəf və təcrübə oldu".
QHT sədrin sözlərinə görə, növbəti ildə birliyin bu fəaliyyət xətti davam etdiriləcək, artıq bir sıra hazırlıqlar görülüb və müvafiq layihələr təqdim olunub:
"İnanırıq ki, həmişə olduğu kimi təşəbbüslərimiz dəyərləndiriləcək".