AZ

Müstəqil siyasət, güclü ordu, qalib dövlət:  Zəfərə aparan 22 il

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Prezident İlham Əliyevin rəhbərliyi dövrü ölkənin müstəqilliyinin möhkəmlənməsi, ərazi bütövlüyünün bərpası, ordu quruculuğu və Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi ilə xarakterizə olunur.
Moderator.az-a danışan  Millət vəkili Azər Badamov deyib ki, torpağı Vətən  edən , Vətəni Zəfərə qovuşduran və Zəfəri ləyaqətimizə çevirən Müzəffər Ali Baş Komandan , Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 22 ildə dövlətçiliyimiz  üçün  həlledici və tarixi qərarların qəbul edilməsi sayəsində hədəflərə çatmağımıza yol açdı:
 
“Hədəflərimiz ölkədə ictimai-siyasi sabitliyi möhkəmlətmək, islahatları davam etdirməklə iqtisadi müstəqilliyə qovuşmaqla siyasi müstəqilliyi gücləndirmək, beynəlxalq səviyyədə ədalətli mövqeyimizi qəbul etdirmək, əraziləri işğaldan azad etməklə suverenliyi bərpa etmək, keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaq, regionumuza davamlı sülh və əməkdaşlıq gətirmək olub. Bu hədəflərimizə çatmağımız üçün əhəmiyyətli addımların atılması vacib olmuşdur.  Bu baxımdan dövlət başçımızın qəbul etdiyi qərarları  sadalayanda əsasən aşağıdakı kimi qısa olaraq xarakterizə edə bilərik:
1.Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin qətiyyətlə müdafiə olunması;
2. Hərbi, siyasi və diplomatik imkanların vahid strategiya çərçivəsində səfərbər edilməsi;
3.Post-münaqişə dövründə dövlət suverenliyinin möhkəmləndirilməsi ilə bağlı institusional qərarlar
4.Silahlı Qüvvələrin modernləşdirilməsi və peşəkar kadr potensialının formalaşdırılması;
5.Müdafiə sənayesinin yaradılması və inkişaf etdirilməsi;
6.Hərbi idarəetmədə çevik və effektiv qərar qəbuletmə mexanizmlərinin tətbiqi.
7.Heç bir güc mərkəzindən asılı olmayan, milli maraqlara əsaslanan siyasət;
8.Regional və qlobal əməkdaşlıq platformalarında Azərbaycanın mövqeyinin gücləndirilməsi;
9.Ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edən diplomatik qərarlar.
10.Azərbaycanın regional enerji təhlükəsizliyində əsas aktora çevrilməsi;
11.Strateji nəqliyyat-logistika layihələrinin təşəbbüskarı və icraçısı olması;
12.İqtisadi və siyasi müstəqilliyin möhkəmləndirilməsi üçün resursların düzgün idarə olunması.
13.İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması;
14.Sosial yönümlü siyasətin gücləndirilməsi;
17.Gənclər siyasəti, kadr islahatları və yeni idarəetmə modelinin formalaşdırılması.
18.Multikulturalizmin ideoloji və institusional əsaslarının yaradılması, tolerantlıq və birgəyaşayış modelinin beynəlxalq səviyyədə təşviqi.
Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunmuş qərarların uğurla icrası sayəsində bütün hədəflərə nail ola bildik.   Bundan sonra da dövlət başçımızın ətrafında sıx birləşməklə dövlətimiz daha güclü,  xalqımızın həyatı  daha firavan olacaqdır”.
Millət vəkili Pərvanə Vəliyeva qeyd edib ki, ölkəmizin bu gün sabitlik və təhlükəsizlik adası olmasının səbəbkarı məhz Dövlət Başçımız, onun apardığı uğurlu daxili və xarici siyasət kursudur:
 
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onilliklərlə davam edən işğal faktına son qoymuş, beynəlxalq hüququn normalarına əsaslanaraq, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməklə, regionda yeni reallıq yaratmışdır. Cəmi 44 günə tarixi Zəfər əldə edən Ali Baş Komandan uğurlu diplomatik səyləri nəticəsində sülhü də qazanmışdır. Ölkəmiz bu gün Müstəqil və milli maraqlara əsaslanan prakmatik siyasət yürüdən, beynəlxalq birlik tərəfindən hesablaşılan güclü ölkədir. 
Dövlət idarəçiliyinin təkmilləşdirilməsi və institusional islahatların aparılması, sosial rifahın artırılması və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi, infrastruktur layihələrinin genişləndirilməsi (yollar, enerji, su və sosial obyektlər) və sair bu kimi prioritetlərin həyata keçirilməsi Prezident İlham Əliyevin daxili siyasətinin əsas istiqamətləridir. Onun rəhbərliyi dövründə ölkədə bir sıra inzibati və struktur islahatları aparılmış, elektron hökumət və rəqəmsal xidmətlər genişləndirilmişdir.
İlham Əliyevin iqtisadi siyasəti neft-qaz gəlirlərinin səmərəli idarə olunması və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmişdir. Neft Fondunun fəaliyyəti, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı, sənaye parkları və ixracın təşviqi bu siyasətin əsas komponentləridir. Azərbaycanın beynəlxalq enerji layihələrində iştirakı, o cümlədən regional enerji və nəqliyyat dəhlizlərinin formalaşdırılması ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artırmışdır”.
 
Millət vəkili vurğulayıb ki, ölkə Başçısı İlham Əliyev təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafını dövlət siyasətinin prioritet istiqamətləri sırasında saxlamışdır:
 
“Mədəni irsin qorunması, beynəlxalq idman yarışlarının təşkili və gənclər siyasəti bu sahədə görülən işlərin əsas istiqamətlərindəndir.
Prezident İlham Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsinə və müdafiə qabiliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirmişdir. Onun Ali Baş Komandan kimi fəaliyyəti dövründə hərbi islahatlar aparılmış, ordu maddi-texniki baxımdan gücləndirilmişdir. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Ali Baş Komandan kimi hərbi əməliyyatlara ali səviyyədə rəhbərlik etmiş, ordunun maddi-texniki bazasının gücləndirilməsini, müasir silah və texnologiyalarla təchizatı, peşəkar hərbi kadrların hazırlanmasını və hərbi idarəetmə sisteminin təkmilləşdirilməsini təmin etmişdir. Müharibə zamanı aparılan əməliyyatlar planlı, mərhələli və yüksək koordinasiya ilə həyata keçirilmişdir.
Prezident İlham Əliyev 44 gün ərzində yalnız hərbi və siyasi lider deyil, eyni zamanda informasiya müharibəsinin əsas siması kimi çıxış etmişdir. Onun dəqiq, ardıcıl və faktlara əsaslanan açıqlamaları dezinformasiyaların qarşısını almış, Azərbaycanın haqlı mövqeyini beynəlxalq auditoriyaya çatdırmış, ictimaiyyətin düzgün məlumatlandırılmasını təmin etmişdir.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış böyük uğurla davam edir. Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı tədbirlər görülür. Minatəmizləmə prosesi ilə paralel olaraq yollar, körpülər, kommunikasiya xətləri, enerji və su infrastrukturu qurulur. Azərbaycan öz gücünə arxalanaraq torpaqlarını yenidən qurur və gələcək nəsillərə daha yaxşı yaşayış şəraiti təqdim etməyi hədəfləyir. Bu, Prezident İlham Əliyevin ərazilərimizin yenidən dirçəldilməsində güclü qətiyyətinin nəticəsidir. 
Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri dünya miqyasında unikaldır. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” prinsipləri əsasında yeni həyat qurulur. Azərbaycan təkcə ərazilərini deyil, həm də mədəni və ekoloji irsini bərpa edir. Məhz bu strateji baxışın davamıdır ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir. Bu qərar Azərbaycanın yalnız daxili inkişaf prioritetlərini deyil, eyni zamanda qlobal məsuliyyətini və beynəlxalq hədəflərini əks etdirir”
 
Pərvanə Vəliyeva əlavə edib ki, İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün müstəqil və balanslı xarici siyasət həyata keçirmişdir:
 
“BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik edən cənab İlham Əliyev təşkilatın beynəlxalq nüfuzunu artırmışdır və inkişafına böyük töhfə vermişdir.
Prezident İlham Əliyevin növbəti uğuru BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması oldu. Uğurlu COP29 tədbirinin keçirilməsi də beynəlxalq arenada qazandığımız növbəti nailiyyət oldu. Türk Dövlətləri Təşkilatının regionda güc mərkəzinə çevrilməsində məhz cənab Prezident İlham Əliyevin böyük dəstəyi olmuş, türk dövlətlərinin inteqrasiyasını təşviq edərək regional əməkdaşlığı gücləndirmişdir. 
Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkədə siyasi sabitliyin qorunması, iqtisadi inkişafın təmin edilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilmişdir. İlham Əliyev Azərbaycan dövlətçiliyinin davamlılığı və strateji maraqlarının təmin olunması baxımından mühüm rol oynayan siyasi liderdir”.
Millət vəkili Rizvan Nəbiyev isə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın milli maraqlarının ardıcıl, prinsipial və qətiyyətli şəkildə təmin olunmasına yönəlmişdir:
 
 “Dövlət başçısının praqmatik diplomatiyaya, beynəlxalq hüquqa və qarşılıqlı maraqlara əsaslanan yanaşması Azərbaycanın regional təşəbbüslərini gücləndirmiş, ölkənin siyasi çəkisini və etibarlı tərəfdaş imicini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, regional əməkdaşlıq platformaları və çoxtərəfli diplomatik formatlarda fəal iştirak Prezident İlham Əliyevin xarici siyasət strategiyasının əsas sütunlarını təşkil edir və beynəlxalq əməkdaşlığın dərinləşməsinə real töhfə verir.
Prezident İlham Əliyevin irəli sürdüyü sülh gündəliyi postmünaqişə dövründə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində həlledici rol oynamışdır. Onun siyasi iradəsi və diplomatik təşəbbüsləri nəticəsində sülh prosesinin məzmunu və gündəliyi məhz Azərbaycan tərəfindən formalaşdırılmışdır. Bu baxımdan, 2025-ci il 7–8 avqust tarixlərində Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş Sülh Sammiti xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin iştirakı ilə imzalanmış Birgə Bəyannamə Azərbaycanın sülh təşəbbüslərinə beynəlxalq dəstəyi təsdiqləmiş, sülh sazişinin imzalanması və ratifikasiyası, regional nəqliyyat və kommunikasiya xətlərinin açılması, eləcə də ATƏT-in Minsk Prosesinin fəaliyyətinə son qoyulması ilə bağlı fundamental müddəaları ehtiva etmişdir. Bu sənəd münaqişənin de-yure başa çatması istiqamətində mühüm diplomatik mərhələ kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin liderliyi ilə regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda “Qərbi Azərbaycan” mövzusu da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Dövlət başçısının ardıcıl və prinsipial siyasəti nəticəsində Qərbi azərbaycanlıların hüquqları, tarixi ədalət və sülh yolu ilə qayıdış konsepsiyası beynəlxalq gündəliyə çıxarılmışdır. Bu məsələ Asiya Parlament Assambleyasının, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA), İslam Əməkdaşlıq Təşkilatının rəsmi sənəd və qətnamələrində öz əksini tapmışdır. 
Prezident İlham Əliyevin strateji baxışa əsaslanan xarici siyasəti Azərbaycanı regional proseslərin təşəbbüskarı və qlobal müstəvidə etibarlı aktor kimi möhkəmləndirmiş, ölkənin milli maraqlarının beynəlxalq səviyyədə qorunmasını təmin etmişdir”.
 
Mehin Mehmanqızı
 
 
 
 
Seçilən
33
2
moderator.az

9Mənbələr