GünayƏfəndiyeva:“Çox vacibdir ki, ümumtürk birliyini təcəssüm etdirən təhsil müəssisələrində müasir dillərimiz ilə yanaşı, qədim əlifbamız da öyrənilsin”.
“Azərbaycan və Türkiyə Hökumətlərinin təhsil sahəsində əməkdaşlığına dair Sazişə Əlavə Protokol haqqında qanun layihəsi iki ölkənin qardaşlığının, yüksək səviyyəli strateji tərəfdaşlığının məntiqi davamı olmaqla yanaşı, həm də ümumtürk inteqrasiyasına növbəti bir dəyərli töhfəsidir.
Ötən əsrin sonunda Ulu Öndər, böyük Heydər Əliyevin uzaqgörənliklə etdiyi "Bir millət, İki dövlət" müdrik çağırışı dərin bir fəlsəfəyə çevrildi və sonra XXI əsrdə cənab Prezidentin “Türk Dünyası bizim ailəmizdir” ifadəsində daha da geniş vüsət aldı və inkişaf yolumuzun əsas istiqamətlərindən birini göstərdi.
Bu baxımdan Azərbaycan və Türkiyənin, eləcə də ölkəmizin bütövlükdə Türk Dünyası ilə birgə təhsil təşəbbüsləri ümumilikdə regionun yüksəlişində önəmli rol oynayır”.
Bu sözləri Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanın Türk Dünyası ilə qardaşlıq və təhsil sahəsində əməkdaşlıq əlaqələri bu gün Bakıda Azərbaycan–Türkiyə Universitetinin, Füzuli şəhərində Özbəkistanın Mirzə Uluqbəy adına məktəbinin, Qazaxıstanın Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin, Ağdamın Xıdırlı kəndində Qırğızıstanın “Ayköl Manas” məktəbinin, eləcə də Cəbrayıl rayonunda Macarıstanın dəstəyi ilə inşa edilən məktəbin fəaliyyəti ilə öz təsdiqini tapır.
“Bu təhsil ocaqları xalqlarımız arasında mənəvi və intellektual körpülərin qurulduğu, ortaq tarix, dil, mədəni dəyərlərə əsaslanan birgə baxış və həmrəylik mühitinin formalaşdırıldığı strateji platformalardır.
Düşünürəm çox vacibdir ki, ümumtürk birliyini təcəssüm etdirən təhsil müəssisələrində müasir dillərimiz ilə yanaşı, qədim əlifbamız da öyrənilsin. Bu, tarixi bağlarımızı daha da möhkəmləndirərək bizi bir-birimizə daha da yaxınlaşdıracaq.