Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin sülh, qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşadığı unikal məkan olub.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 24-də Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu forum müəyyən olunmuş mövzu üzrə müzakirə platforması olmaqla yanaşı, Azərbaycan cəmiyyətinin mənəvi dayaqlarını, ailə dəyərlərini və insan amilini qorumağa yönəlmiş ortaq məsuliyyətimizin ifadəsidir.
“Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin mərkəzində məhz güclü ailə, sağlam mənəviyyat və sosial ədalət dayanır. Azərbaycan Respublikası artıq 30 illiyini qeyd etdiyimiz Konstitusiyamızda da əksini tapdığı kimi dünyəvi dövlətdir. Lakin bu dünyəvilik milli-mənəvi dəyərlərdən uzaqlaşma demək deyil, əksinə, din və dövlət münasibətlərinin balanslı, konstitusion əsaslar üzərində qurulması cəmiyyətimizin sabitliyini, multikultural harmoniyasını və insan ləyaqətinə hörmətini təmin edir. Bu mötəbər tədbirin artıq ikinci dəfə keçirilməsi isə Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq, ölkəmizdə dövlət-din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişaf etdirilməsinə, dünyəvilik və vicdan azadlığı kimi fundamental dəyərlərin qorunmasına verilən yüksək önəmin bariz ifadəsidir”, - deyə Dövlət Komitəsinin sədri qeyd edib.