AZ

Tikintidə İNQİLABİ addım – Bu məhsuldan istifadə QADAĞAN EDİLİR!

Uzun illər ərzində ucuzluğu, yanğına davamlılığı və möhkəmliyi səbəbilə geniş istifadə edilən asbestin insan sağlamlığı üçün ciddi risklər yaratdığı elmi şəkildə sübut edildikdən sonra bir çox ölkələr bu materialdan mərhələli şəkildə imtina edib. Asbest və asbest tərkibli məhsulların mülki dövriyyədən çıxarılması ilə bağlı qərar təkcə ekoloji və sağlamlıq yönümlü addım deyil, eyni zamanda tikinti və sənaye sektorunda köklü struktur dəyişikliklərinə səbəb olacaq proses kimi qiymətləndirilir. Azərbaycan üçün də bu qərar bazar münasibətlərinin yenilənməsi, texnologiyaların dəyişməsi və istehsal mədəniyyətinin transformasiyası deməkdir.

Asbestin mülki dövriyyədən çıxarılması ilk növbədə tikinti sektorunda istifadə olunan dam örtükləri, borular, izolyasiya materialları və bəzi sənaye avadanlıqlarının istehsal zəncirinə təsir göstərəcək. Bu sahələrdə fəaliyyət göstərən şirkətlər ya texnoloji xətlərini yeniləməli, ya da bazardan çəkilməli olacaqlar.

Qısa müddətdə bu dəyişikliklər müəyyən xərclərin artmasına, bəzi məhsulların qiymətində müvəqqəti yüksəlişə səbəb ola bilər.

Bəs, uzunmüddətli perspektivdə bu addım daha təhlükəsiz, keyfiyyətli və beynəlxalq standartlara uyğun tikinti mühitinin formalaşmasına necə təsir edəcək?

Məsələ ilə bağlı tikinti üzrə ekspert Elvin Qasımov bildirir ki, asbestdən imtina sektorda texniki və peşəkar yanaşmanın güclənməsinə səbəb olacaq.

Onun sözlərinə görə, uzun illər asbest “ucuz və praktik həll” kimi qəbul edilsə də, bu, əslində gizli sağlamlıq xərcləri yaradan riskli material olub. Ekspert vurğulayır ki, artıq bazar yeni reallıqlara uyğunlaşmalı və təhlükəsiz alternativlər üzərində qurulmalıdır:

“Bu keçid mərhələsində bəzi şirkətlər üçün çətinliklər yaranacaq, lakin nəticədə həm işçi təhlükəsizliyi, həm də son istehlakçı baxımından daha sağlam mühit formalaşacaq”.

Elvin Qasımovun fikrincə, asbestin yerini tutacaq materiallar artıq mövcuddur və bir çox ölkələrdə geniş tətbiq edilir:

“Bunlara fibrosement lövhələr, metal əsaslı dam örtükləri, mineral yun, şüşə lifli izolyasiya materialları, bazalt lifləri və polimer əsaslı müasir kompozitlər daxildir. Bu materiallar yanğına davamlılıq, istilik və səs izolyasiyası baxımından asbestlə rəqabət apara bilir, eyni zamanda insan sağlamlığı üçün təhlükə yaratmır. Xüsusilə fibrosement məhsullar asbestin texniki xüsusiyyətlərinə ən yaxın alternativlərdən hesab olunur, lakin tərkibində zərərli liflər yoxdur”.

Ekspert qeyd edib ki, bu dəyişiklik bazara da ciddi təsir göstərəcək:

“Yeni materiallara tələbatın artması yerli və xarici istehsalçıların bazara daxil olmasını sürətləndirəcək, rəqabəti gücləndirəcək və zamanla qiymətlərin stabilləşməsinə səbəb olacaq. Eyni zamanda, bu proses innovativ texnologiyaların tətbiqini, istehsal sahələrinin modernləşdirilməsini və yeni iş yerlərinin yaranmasını da təşviq edə bilər. Tikinti sektorunda fəaliyyət göstərən mütəxəssislər üçün isə əlavə təlimlərə və yeni materiallarla işləmək bacarığına ehtiyac yaranacaq.

“Asbestdən imtina yalnız texniki məsələ deyil, həm də sosial məsuliyyət məsələsidir. Çünki bu materialla uzun müddət işləyən işçilərdə onkoloji və tənəffüs sistemi xəstəliklərinin yaranma riski yüksəkdir. Alternativ materiallara keçid bu riskləri minimuma endirərək, səhiyyə xərclərinin azalmasına və ümumi həyat keyfiyyətinin yüksəlməsinə xidmət edəcək”, – E. Qasımov vurğulayıb.

Seçilən
25
nocomment.az

1Mənbələr