Bu gün çox böyük bir liderin ad günüdür. O lider ki, onun adı bütöv bir xalqın taleyini, ZƏFƏRi, qalibiyyəti, qüruru ifadə edir. Bəli, Azərbaycan prezidenti İlham Əliyevin adı Azərbaycan xalqının keçdiyi şərəfli yolun, qazandığı tarixi nailiyyətlərin və gələcəyə olan böyük ümidlərin simvoluna çevrilib. Bu gün müstəqil, güclü, qalib Azərbaycanın reallığı arxasında düşünülmüş siyasət, dəmir iradə və xalq-lider vəhdəti dayanır.
2003-cü ildən etibarən Azərbaycan xalqının taleyini öz üzərinə götürən İlham Əliyev sübut etdi ki, dövlətə rəhbərlik sadəcə idarəetmə deyil, məsuliyyət, fədakarlıq, millət-dövlət qarşısında vicdan borcudur. Dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində hər zaman Azərbaycan vətəndaşı, Azərbaycan dövləti və Azərbaycanın gələcəyi dayandı. Əslində davamlı əldə edilən uğurlar məhz bu siyasətin, uzun illər gerçəkləşdirilən konsepsiyanın məntiqi nəticəsidir. İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik xəttini qoruyaraq onu zamanın çağırışlarına uyğun şəkildə inkişaf etdirdi. Nitqlərində vurğuladığı kimi, neft kapitalını insan kapitalına çevirdi. Bu inkişaf yalnız iqtisadi göstəricilərdə deyil, xalqın dövlətinə olan inamında, sabaha olan ümidində öz əksini tapdı.
Bəllidir ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tədricən regionun deyil, dünyanın diqqət mərkəzinə çevrildi. Enerji layihələri ölkəmizi qlobal enerji xəritəsində strateji mövqeyə çıxardı. Amma Prezident İlham Əliyevin ən böyük uğuru neftdən asılı olmayan, dayanıqlı və çoxşaxəli iqtisadiyyatın əsasını qoyması oldu.
Adı tarixə Qalib Lider kimi yazılan Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözləri diplomatik tribunadan döyüş meydanına qədər uzanan haqq mübarizəsinin manifestinə çevrildi. Bu Qələbə 30 illik həsrətə son qoydu.
Bu gün azad edilmiş torpaqlarda dalğalanan üçrəngli bayrağımız İlham Əliyev qətiyyətinin, xalq birliyinin və tarixi ədalətin rəmzidir.
Qarabağ və Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq işləri qalib liderin gələcəyə baxışının parlaq nümunəsidir: dağıdılmış torpaqlar yenidən dirçəlir, yollar çəkilir, şəhərlər salınır, həyat geri qayıdır. “Böyük Qayıdış” sadəcə köç deyil – bu, xalqın öz torpağına, öz kökünə qayıdışıdır.
Bütün bu uğurların arxasında sadəcə Prezident deyil, xalqla daim ünsiyyətdə olan, onun ağrı-acısını, sevincini paylaşan Lider dayanır. Şəhid ailələrinə, qazilərə, cəmiyyətin həssas təbəqələrinə göstərilən diqqət, qayğı İlham Əliyevin bütün varlığı illə xallqına bağlılığının təzahürüdür. Bu əlamətdar gündə cənab Prezident İlham Əliyevə möhkəm cansağlığı, uzun ömür və qüdrətli Azərbaycan naminə verdiyi mücadilədə güc-qüvvət, hər zaman qalibiyyət arzulayırıq.
Mətanət Ağamirli
Əməkdar jurnalist