AZ

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir


Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

"Hörmətli Prezident, əziz dost.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Uğurlu fəaliyyətiniz, dövlət işlərini səmərəli şəkildə yerinə yetirmək və beynəlxalq məsələlərin həllində kompromis əldə etmək bacarığınız haqlı olaraq Sizə bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb.

Qarşıdan gələn Yeni ildə Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram. Həm iqtisadi, həm də hərbi baxımdan güclü, beynəlxalq münasibətlərdə mühüm rol oynayan bir ölkənin Prezidenti kimi qarşınızda böyük vəzifələr durur.

Hazırkı dünya çoxsaylı çətinliklərlə üzləşir. Bizim gələcəyimiz dünyanın bu çətinliklərin öhdəsindən necə gəlməsindən asılı olacaqdır.

Fürsətdən istifadə edərək, Sizə, ailənizə və xalqınıza Yeni ildə ən xoş arzularımı çatdırıram".

xxx

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Zati-alinizin müdrik liderliyi və uzaqgörənliyi Azərbaycan Respublikasının sabitliyinə, inkişafına və firavanlığına, eləcə də onun beynəlxalq mövqeyinin güclənməsinə, regional və qlobal məsələlərdə konstruktiv iştirakının artmasına mühüm töhfə vermişdir.

Həmçinin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründə fəal və konstruktiv roluna görə səmimi minnətdarlığımı bildirmək istərdim. Ölkənizin rolu təşkilatımızın prinsip və məqsədlərinin irəliləməsinə, eləcə də Asiyada sülh və dialoqun təşviqinə dəyərli töhfələr vermişdir.

Bu əlamətdar gün münasibətilə Zati-alinizə möhkəm cansağlığı, məsuliyyətli missiyanızda davamlı uğurlar, eləcə də qardaş Azərbaycan xalqına daha da çox tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

xxx

Praqada yerləşən Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Begim Cəfərova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir və Zati-alinizə ən xoş arzularımı bildirirəm.

Bəzən elə şəxsiyyətlər olur ki, onların misilsiz dərəcədə böyük əhəmiyyəti təkcə öz ölkəsinin tarixində deyil, ədalətli bir dünyanın formalaşmasında da hiss olunur. Zamanla onlar insanın daxili dünyasının ayrılmaz hissəsinə çevrilirlər. Onlara sadəcə heyran qalınmır və onlarla təkcə qürur duyulmur, onları həqiqətən dəyərli və doğma bilirlər.

Cənab Prezident, Sizin həyat yolunuz təkcə dövlət məsuliyyəti deyil.
Bu yol xalqın etimadı, ümidləri, tarixi və gələcəyidir, onun sevgisidir. Bu, çox ağır, eyni zamanda çox qiymətli bir yükdür və Siz bu yükü böyük ləyaqətlə daşıyırsınız.

Bu gün Sizə ad günü təbriki çatdırmaqla yanaşı, həm də səmimi minnətdarlığımı bildirmək istəyirəm - verdiyiniz dayaq hissinə, sabaha olan əminliyə və ədalətin qalib gələcəyinə olan inanca görə.

Həmişə sağlam olun və Sizi ürəkdən sevən xalqınızın yanında olun.

Ad gününüz mübarək, əziz Prezident!"

xxx

Berlində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin sədri Sevda Badaliouri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Berlin şəhərində yerləşən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin kollektivi adından səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası bütün sahələrdə davamlı inkişaf yolu keçmiş, beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, Azərbaycan dilinə, mədəniyyətinə və incəsənətinə göstərilən yüksək diqqət və qayğı xalqımız tərəfindən daim minnətdarlıqla qarşılanır.

Xüsusilə xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən siyasət diaspor təşkilatlarının fəaliyyətinə güclü stimul verir. Biz Azərbaycan dilinin və mədəni irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi yolunda fəaliyyətimizi bundan sonra da böyük məsuliyyətlə davam etdirəcəyik".

xxx

Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin və Azərbaycan Evinin rəhbəri Kərim Kərimov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi İspaniyada yaşayan azərbaycanlılar, eləcə də Barselonadakı Azərbaycanlılar Cəmiyyəti və Azərbaycan Evi adından səmimi-qəlbdən təbrik edirik.

Sizin rəhbərliyiniz altında Azərbaycan son illərdə mühüm tarixi nailiyyətlərə imza atmış, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirmişdir. Bu uğurlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün də böyük qürur və mənəvi dayaq mənbəyidir.

Xüsusilə vurğulamaq istərdik ki, Sizin diaspor siyasətiniz xaricdə yaşayan soydaşlarımızın milli kimliyinin qorunması, Azərbaycan mədəniyyətinin və həqiqətlərinin dünyada tanıdılması baxımından mühüm rol oynayır.
Biz, İspaniyada yaşayan azərbaycanlılar bu siyasətə uyğun şəkildə ölkəmizi layiqincə təmsil etməyə, milli-mənəvi dəyərlərimizi yaşatmağa və Azərbaycan-İspaniya münasibətlərinin inkişafına töhfə verməyə çalışırıq.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Qoy Sizin rəhbərliyiniz altında Azərbaycan dövləti daim güclənsin, xalqımız sülh, rifah və sabitlik şəraitində yaşasın!"

xxx

Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti Taleh Qurbanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Azərbaycan Türk Mədəniyyəti Assosiasiyası adından səmimi-qəlbdən, dərin hörmət və ehtiramla təbrik edirik.

Sizin müdrik, uzaqgörən və qətiyyətli rəhbərliyinizlə Azərbaycan Respublikası son illərdə hərtərəfli inkişaf yolu keçmiş, dövlət müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurlar beynəlxalq miqyasda yüksək dəyərləndirilmişdir. Azərbaycan Respublikasının beynəlxalq arenada artan nüfuzu, milli maraqlarımızın qətiyyətlə qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi Sizin uğurlu siyasi kursunuzun bariz göstəricisidir.

Xüsusilə qeyd etmək istərdik ki, Sizin rəhbərliyinizlə əldə olunan tarixi nailiyyətlər, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi Azərbaycan xalqının milli qürurunun və birliyinin təcəssümünə çevrilmişdir. Bu böyük uğurlar hər bir azərbaycanlının qəlbində dərin fəxarət hissi doğurur və gələcək nəsillər üçün möhkəm təməl yaradır.

Bu əlamətdar və sevincli gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə daim müvəffəqiyyətlər, Azərbaycan dövlətinin daha da güclənməsi, xalqımızın rifahının yüksəldilməsi naminə həyata keçirdiyiniz bütün təşəbbüslərdə yeni-yeni uğurlar arzulayırıq.

Zati-alinizin rəhbərliyi ilə Azərbaycan Respublikasının davamlı inkişaf yolunda daha böyük zirvələr fəth edəcəyinə dərin inamımızı ifadə edirik".

xxx

Polşada fəaliyyət göstərən “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının sədri Sedat Şamilli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə Polşada yaşayan azərbaycanlılar adından səmimi təbriklərimizi və dərin ehtiramımızı çatdırırıq.

Sizin rəhbərliyinizlə Azərbaycan müasir tarixinin ən həlledici və şərəfli mərhələsini yaşamış, milli iradə, siyasi uzaqgörənlik və güclü dövlətçilik modeli formalaşdırılmışdır. Qlobal çağırışların artdığı bir dövrdə Azərbaycanın müstəqil mövqeyinin qorunması, milli maraqlarının qətiyyətlə müdafiə edilməsi və ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi Sizin liderliyinizin bariz nəticəsidir.

Siz yalnız ölkə daxilində deyil, xaricdə yaşayan milyonlarla azərbaycanlının da inam və ümid mənbəyisiniz. Biz, Polşada yaşayan azərbaycanlılar respublikamızın qazandığı hər uğuru, atdığı hər strateji addımı qürur hissi ilə izləyir, bu uğurları yaşadığımız ölkədə layiqincə təmsil etməyə çalışırıq.

Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq. İnanırıq ki, Sizin rəhbərliyiniz altında Azərbaycan daha böyük zirvələr fəth edəcək, sülhün, inkişafın və ədalətin güclü tərəfdarı kimi öz yolunda inamla irəliləməkdə davam edəcəkdir".

xxx

Helsinki Azərbaycan Evinin və Azərbaycan-Türk Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən dərin ehtiramımı ifadə edirəm.

Müasir dövrdə mürəkkəb qlobal çağırışların və dəyişkən geosiyasi proseslərin fonunda Sizin qətiyyətli, prinsipial və uzaqgörən siyasətiniz Azərbaycan dövlətinin milli maraqlarının etibarlı şəkildə qorunmasına, ölkəmizin beynəlxalq nüfuzunun davamlı olaraq möhkəmlənməsinə xidmət edir. Sizin rəhbərliyinizlə Azərbaycan güclü, müstəqil və öz sözünü deyən bir dövlət kimi dünya birliyində layiqli yerini daha da möhkəmləndirmişdir.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttini müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirərək, Siz ölkəmizin sosial-iqtisadi potensialının gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirirsiniz. Bu siyasətin nəticələri bu gün həm ölkə daxilində, həm də beynəlxalq aləmdə aydın şəkildə görünməkdədir.

Xaricdə yaşayan azərbaycanlılarla bağlı apardığınız siyasət xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin diasporla bağlı strateji xətti sayəsində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycan ətrafında daha sıx birləşmiş, milli maraqlarımızın müdafiəsində fəal mövqe tutmuşlar. Finlandiyada fəaliyyət göstərən Helsinki Azərbaycan Evi də bu istiqamətdə dövlət siyasətinə uyğun olaraq Azərbaycan mədəniyyətinin, tarixinin və müasir reallıqlarının tanıdılması naminə ardıcıl iş aparır. Bu fəaliyyətlərdə Sizin müəyyən etdiyiniz milli birlik və dövlətçilik prinsipləri əsas rəhbər tutulur.

Sizin yüksək siyasi mədəniyyətiniz, zəngin dövlətçilik təcrübəniz, prinsipial mövqeyiniz və Vətənə bağlılığınız Azərbaycan xalqının Sizə olan böyük etimadının əsasını təşkil edir. Qürurverici haldır ki, bu etimad ölkəmizin qazandığı uğurlarda, əldə olunan nailiyyətlərdə öz parlaq əksini tapır.

Zati-aliləri, əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan dövləti bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolunda inamla irəliləyəcək, xalqımız yeni nailiyyətlərin sevincini yaşayacaqdır.

Doğum gününüz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

Seçilən
35
2
baki-xeber.com

10Mənbələr