AZ

Universitetlərdə inqilabi yenilik gəlir? - MÜHÜM AÇIQLAMA

“Bakalavr təhsilinin 3 ilə endirilməsi mövzusu ətrafında müzakirələr təsadüfi deyil. Dünya təcrübəsinə baxanda görürük ki, bir çox ölkələrdə — xüsusilə Bolonya Prosesi çərçivəsində 3 illik bakalavr modeli artıq uzun illərdir tətbiq olunur və bu model özünü doğruldub. Amma burada əsas məsələ müddətin qısalması yox, həmin müddətin necə və nə ilə doldurulmasıdır”. Bunu Ajans.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. O bildirib ki, əgər 3 illik bakalavr təhsili daha çevik, daha praktik və əmək bazarının real tələblərinə uyğun şəkildə qurulacaqsa, bu, müsbət addım ola bilər:  “Bu model gənclərin daha tez peşə mühitinə daxil olmasına, vaxt itkisini azaltmağa və erkən karyera planlaması aparmağa imkan yaradır. Xüsusilə motivasiyalı və məqsədi aydın olan gənclər üçün bu, ciddi üstünlükdür.
Digər müsbət tərəf ondan ibarətdir ki, 3 illik bakalavr magistratura mərhələsini daha məntiqli və məqsədli edir. Yəni bakalavr baza bilikləri verir, magistratura isə ixtisaslaşmanı dərinləşdirir. Bu da “hamı oxusun deyə oxuyur” yanaşmasından çıxıb, şüurlu akademik seçimlərə yol açır”.  Günay Əkbərova qeyd edib ki, yenilik tətbiq ediləcəksə, tədris proqramları yüngülləşdirilməməli, sadəcə daha səmərəli və nəticəyönümlü şəkildə yenidən qurulmalıdır: 

“Əks halda, 3 il formallığa çevrilərsə, bu, keyfiyyət itkisinə gətirib çıxara bilər. Müəllim hazırlığı, qiymətləndirmə mexanizmləri, praktiki məşğələlər və universitet–əmək bazarı əlaqələri paralel şəkildə gücləndirilməlidir.
Yekun olaraq deyə bilərəm ki, 3 illik bakalavr təhsili özü-özlüyündə nə yaxşı, nə də pisdir. Onu uğurlu edən məzmun, yanaşma və icra mexanizmidir. Əgər bu keçid tələskənliklə yox, mərhələli və düşünülmüş şəkildə aparılarsa, Azərbaycan ali təhsili üçün yeni və daha çevik bir mərhələnin başlanğıcı ola bilər”.

Seçilən
22
Ajans.az

1Mənbələr