Möhtərəm cənab Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yüksəldilməsi və yaşayış mühitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq Nizami rayonunda abadlıq-quruculuq işləri davam etdirilir. Əhalinin müraciətləri və təklifləri nəzərə alınmaqla həyata keçirilən tədbirlər çərçivəsində R.Rüstəmov küçəsi 72a ünvanında müasir tələblərə cavab verən yeni park salınaraq ərazidə yaşayan sakinlərinin istifadəsinə verilib.
Layihə çərçivəsində park ərazisində azyaşlı uşaqlar üçün müasir standartlara cavab verən müxtəlif oyun elementləri ilə təchiz olunmuş uşaq meydançası, gənclərin və idman həvəskarlarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə açıq havada idman qurğuları quraşdırılmış idman meydançası yaradılıb. Eyni zamanda, vətəndaşların istirahəti üçün söhbətgahlar və oturacaqlar quraşdırılıb.
Parkda tamet daş örtüyü və qazon örtüyü salınıb, ərazisinin gecə saatlarında da təhlükəsiz və rahat istifadəsinin təmin edilməsi məqsədilə müasir işıqlandırma sistemi qurularaq işıq dirəkləri quraşdırılıb. Bununla yanaşı, parkın ətraf yollarında asfalt örtüyü yenilənib.
Yaşıllaşdırma işlərinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması məqsədilə park ərazisində mövcud yaşıllıqlar bərpa olunub, əlavə olaraq 300-dən artıq müxtəlif növ ağac (Limon sərvi, leyland sərvi, Eldar şamı, və s.) və 800-dən artıq müxtəlif növ kol və gül əkilib. Mövcud ağac və yaşıllıqlara aqrotexniki qaydalara uyğun qulluq göstərilib.
Qeyd edək ki, yeni parkın istifadəyə verilməsi rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili, ətraf mühitin sağlamlaşdırılması və yaşayış mühitinin daha da yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
