ABŞ-nin “Blackstone” investisiya fondu Hamilton adasını alıb. Bu ada Böyük Sədd Rifinin bir hissəsi olan Uitsandi (Whitsunday) adalar zəncirinin ən böyüyüdür.
Şirkət alış məbləğini açıqlamasa da, Avstraliyanın “ABC” telekanalı xəbər verir ki, Kvinslend ştatı hakimiyyəti sövdələşməni təsdiqlədiyi təqdirdə “Blackstone” adaya görə 1,2 milyard dollar ödəyəcək. “ABC”nin sorğuladığı ekspertlər sövdələşmənin qiymətini “fövqəladə” adlandırır və adadakı daşınmaz əmlakın bahalaşacağını proqnozlaşdırırlar.
Hamilton adası Kvinslend sahillərindən 12 km aralıda yerləşir, sahəsi təxminən 1130 hektardır. Güman edilir ki, ada adını 1866–1868-ci illərdə adalar zəncirinin xəritələşdirilməsi ilə məşğul olan dəniz ekspedisiyasının iştirakçılarından birinin şərəfinə alıb. 1975-ci ildə ada avstraliyalı sahibkar Kit Uilyams tərəfindən alınıb və əvvəlcə mal-qaranın otarılması üçün istifadə edilib, daha sonra isə kurortun salınması və inkişafı ilə məşğul olunub. Kurort 1980-ci illərdən etibarən böyük populyarlıq qazanıb. 1987-ci ildə “The Beatles” qrupunun üzvlərindən biri olan Corc Harrison həyat yoldaşı Oliviya ilə birlikdə burada ev tikdirib. Cütlük musiqiçinin 2001-ci ildə vəfatına qədər adada mütəmadi vaxt keçirib. 2003-cü ildə isə adanı şərabçı Robert Outli təxminən 300 milyon dollara alıb.
Hazırda Hamilton adasında yaşayış infrastrukturu ilə yanaşı 5 lüks otel, 20-dən çox restoran və bar, 20 mağaza, qolf meydançası, yaxtalar üçün dayanacaq və hava limanı fəaliyyət göstərir. Adanın əhalisi təxminən 2 min nəfərdir.