Banco.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycan mənzil problemlərinin həlli sahəsində əldə etdiyi təcrübəni dünya ölkələri ilə bölüşmək niyyətindədir.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) keçirilməsi ərəfəsində ölkədə bir sıra ardıcıl tədbirlər həyata keçirilir: "Şəhərlərin baş planları hazırlanır və bu sənədlər əsasında regionlar planlı şəkildə inkişaf etdirilir. Forum çərçivəsində urbanizasiyanın sürətləndiyi şəraitdə aktual olan bir sıra məsələlərin, xüsusilə mənzil problemlərinin müzakirəsi nəzərdə tutulur".
İ.İsbatov qeyd edib ki, bu problemlər daha çox inkişaf etməkdə olan ölkələrdə, xüsusən sosial cəhətdən həssas əhalinin yaşadığı ərazilərdə özünü qabarıq şəkildə göstərir. Onun sözlərinə görə, Azərbaycanın bu sahədə əhəmiyyətli təcrübəsi və konkret nəticələri var. Belə ki, işğaldan azad olunmuş ərazilərdə qısa müddət ərzində yüzlərlə yaşayış məntəqəsinin planlaşdırma sənədləri hazırlanıb və əhalinin mərhələli şəkildə geri qayıdışı davam edir.
Sədr müavini əlavə edib ki, hazırda 12 şəhər üzrə planlaşdırma sənədləri əsasında yenidənqurma işləri aparılır: "Qısa zaman ərzində hazırlanaraq icra olunan bu yanaşma beynəlxalq təcrübədə nadir nümunələrdən biridir".
Onun sözlərinə görə, forum zamanı dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislərlə Azərbaycanın bu sahədə əldə etdiyi təcrübənin paylaşılması nəzərdə tutulur.
report
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.