AZ

Müasir Azərbaycan Dövlətçiliyində humanitar siyasətin yeni modeli

Müasir dövlət idarəçiliyində humanitar siyasət anlayışı yalnız sosial tədbirlər toplusu kimi deyil, insan kapitalının inkişafına yönəlmiş strateji fəaliyyət sahəsi kimi qəbul edilir. Siyasi elmlərin müasir yanaşmalarına görə, insan amilini prioritet elan edən dövlətlər uzunmüddətli iqtisadi artım, sosial harmoniya və milli təhlükəsizlik baxımından daha davamlı inkişaf modelinə malik olurlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti bu baxımdan humanitar yönümlü idarəetmənin uğurlu nümunəsi kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin həyata keçirdiyi humanitar siyasətin mühüm xüsusiyyətlərindən biri dövlət institutları ilə vətəndaş cəmiyyəti strukturları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir. Bu baxımdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və onun regional və beynəlxalq əməkdaşlıq platforması olan Türk Qızıl Aypara Şəbəkəsi humanitar siyasətin institusional dayaqlarından biri kimi çıxış edir. Müasir humanitar idarəetmə nəzəriyyələrinə görə, dövlətin humanitar siyasətinin effektivliyi qeyri-hökumət və könüllü təşkilatlarla koordinasiyalı fəaliyyətindən birbaşa asılıdır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlətin humanitar siyasətinə uyğun olaraq fövqəladə hallar zamanı əhalinin müdafiəsi, sosial həssas qruplara dəstək, sağlamlığın qorunması və humanitar yardım fəaliyyətlərində aktiv rol oynayır. Dövlət başçısının humanitar sahəyə verdiyi siyasi və institusional dəstək Qızıl Aypara Cəmiyyətinin fəaliyyət imkanlarını genişləndirmiş, onun sosial-humanitar siyasətin icrasında mühüm tərəfdaşa çevrilməsini təmin etmişdir. Bu yanaşma sosial dövlət modelində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması prinsipinə uyğundur.

Humanitar siyasətdə Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti xüsusilə müharibədən zərər çəkmiş əhali, məcburi köçkünlər və həssas təbəqələrin sosial müdafiəsi istiqamətində özünü göstərib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində humanitar yardım, psixososial dəstək, ilkin tibbi xidmətlərin təşkili Qızıl Aypara Cəmiyyətinin dövlət siyasətinə inteqrasiyasının real nümunələridir. Elmi baxımdan bu fəaliyyətlər humanitar təhlükəsizlik və sosial reabilitasiya konsepsiyalarının praktik tətbiqi kimi dəyərləndirilir.

Türk Qızıl Aypara Şəbəkəsi isə Prezident İlham Əliyevin həyata keçirdiyi türk dünyası ilə strateji əməkdaşlıq və humanitar diplomatiya siyasətinin mühüm komponentidir. Bu şəbəkə çərçivəsində türk dövlətləri arasında humanitar sahədə koordinasiya, təcrübə mübadiləsi və birgə yardım mexanizmləri formalaşdırılır. Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində bu cür əməkdaşlıq “yumşaq güc” (soft power) alətlərindən biri kimi qiymətləndirilir və dövlətlərarası etimadın möhkəmlənməsinə xidmət edir.

Dövlət başçısının təşəbbüsü ilə formalaşan türk dünyası birliyi yalnız siyasi və iqtisadi deyil, həm də humanitar-mənəvi müstəvidə daha da genişlənir. Türk Qızıl Aypara Şəbəkəsi təbii fəlakətlər, humanitar böhranlar və fövqəladə hallar zamanı türk dövlətlərinin birgə reaksiyasını təmin edən institusional platforma kimi çıxış edir. Bu isə humanitar həmrəyliyin regional təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu göstərir.

Türk Qızıl Aypara Şəbəkəsinin yüksək səviyyəli toplantısı 19 noyabr 2025-ci il tarixində Bakı şəhərində təşkil olunub. Bu tədbir, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində təsdiq edilmiş Türk Qızıl Aypara Şəbəkəsinin (TQŞ) liderlərinin görüşü olub və humanitar əməkdaşlığı gücləndirməyə yönəlib. Bu şəbəkəyə daxil olan milli cəmiyyətlər aşağıdakılardır:

  Azərbaycan Qızıl Aypara Cəmiyyəti

  Türkiyə Qızıl Aypara Cəmiyyəti

  Özbəkistan Qızıl Aypara Cəmiyyəti

  Qazaxıstan Qızıl Aypara Cəmiyyəti

  Qırğızıstan Qızıl Aypara Cəmiyyəti

Müşahidəçi qismində isə Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti Qızıl Aypara Cəmiyyətləridir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Türk Qızıl Aypara Şəbəkəsində fəal iştirakı və 2026-cı ildə bu platformaya sədrliyi Azərbaycanın humanitar sahədə regional liderliyinin təzahürüdür. Bu cür humanitar diplomatiya dövlətin beynəlxalq nüfuzunun artırılmasında mühüm rol oynayır.

Humanitar siyasətin digər mühüm istiqamətləri sırasında təhsil,  səhiyyə və sosial müdafiə, milli-mənəvi dəyərlərin qorunması və mədəni irsin inkişafı, həmçinin, multikulturalizm və tolerantlıq istiqamətləri də xüsusi yer tutur.

Digər vacib istiqamət isə humanitar siyasətin yeni mərhələsi olan işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi ilə bağlıdır. Böyük Qayıdış proqramı təkcə fiziki infrastrukturun qurulmasını deyil, həm də sosial-humanitar mühitin bərpasını nəzərdə tutur. Məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının inşası, əhalinin layiqli həyat şəraitinin təmin olunması humanitar təhlükəsizlik konsepsiyasının real təzahürüdür.

Rövşən Əliyev

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti

Seçilən
10
1
modern.az

2Mənbələr