Paytaxtın Yasamal rayonunda, Ələsgər Ələkbərov küçəsinin sakinləri Mənzil Kommunal İstismar Sahəsinə, yəni "JEK"ə pul ödədiklərini, amma bu ödənişin səbəbini dəqiq bilmədiklərini bildirirlər.
Ölkə.Az Milli.az-a istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, öz bloklarını boyayır, təmizləyir və digər işləri öz vəsaitləri hesabına həyata keçirirlər:
"Hər şeyi öz cibimizdən edirik", - deyə şikayət ediblər.
Vətəndaşlardan zibil, kirayə və ya digər xidmətlər üçün pul toplandığı bildirilib.
Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən açıqlama verilib ki, sakinlər hər kvadratmetrə görə 2 qəpik olmaqla mənzil haqqı ödəyirlər və bu həm dövlət, həm də özəl mülkiyyətli mənzillərə aiddir.
Lakin mütəxəssislər bildirirlər ki, qanunvericiliyə görə, "JEK"lərin belə bir haqqı yoxdur.
Hüquqşünas Vüsal Hacıyev qeyd edib ki, 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinə əsasən, mənzil istismar sahələri artıq hüquqi baxımdan mənzil fondunun idarə edilməsində rol oynamır və bu səlahiyyətlər hazırda bələdiyyələrə məxsusdur.
O bildirib ki, yeni məcəlləyə görə dövlət mənzil fondu müvafiq dövlət orqanları tərəfindən, bələdiyyə mənzil fondu isə bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondunu isə mülkiyyətçi özü və ya onun seçdiyi idarəedici təşkilat idarə edə bilər.
Hüquqşünas vurğulayıb ki, özəl mülkiyyət sahibi istəyərsə, mənzil istismar sahəsi ilə müqavilə bağlayaraq onların xidmətlərindən istifadə edə bilər. Əks halda, bu tip ödənişlərin tələb edilməsi qanunsuz sayılır.