AZ

"Bakı Metropoliteni" niyə hər il daha çox zərərə düşür? - Ekspert səbəbləri açıqladı

“Bakı Metropoliteni” QSC 2024-cü ili 139,616 milyon manat zərərlə yekunlaşdırıb. Bu göstərici 2023-cü illə müqayisədə 81,6% çoxdur və qurumun maliyyə durumunun daha da zəiflədiyini göstərir. Maliyyə hesabatına əsasən, metropolitenin ümumi yığılmış zərəri 3 milyard 109,54 milyon manata yüksəlib. Bu isə əvvəlki ilə nisbətən 4,7% artım deməkdir.

2024-cü ildə metronun əsas gəlir mənbələri sərnişindaşıma fəaliyyətindən əldə olunan 100,647 milyon manat və dövlət subsidiyaları hesabına ayrılan 50 milyon manat olub. Bununla belə, artan xərclər – xüsusilə əsas vəsaitlərin dəyərsizləşməsi və işçi heyəti ilə bağlı xərclər – gəlirləri üstələyərək ciddi maliyyə çətinlikləri yaradıb. 148 milyon manat həcmində dəyərsizləşmə xərcləri isə metropoliten infrastrukturunda təmir və yenilənmə işlərinin genişləndiyini göstərir. Bəs, bu zərərin səbəbləri nələrdir? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan iqtisadçı ekspert Asif İbrahimli bildirib ki, Bakı Metropoliteninin 2023-cü ildə maya dəyəri hesablanmışdı və bu göstərici 68–78 qəpik təşkil edirdi:

"Həmin dövrdə gediş haqqı 50 qəpik idi. Bu gün mövcud şəraitdə gediş haqqı 1 manat olsa belə, Bakı Metropoliteninin xərclərini tam qarşılamır. Bu isə o demək deyil ki, qiymət artırılmalıdır. Əksinə, bu vəziyyət köklü struktur islahatlarının aparılmasının vacibliyini göstərir. Hesablama Palatasının rəyinə əsasən, xərclərdə şişirdilmiş rəqəmlərin mövcudluğu müşahidə olunur. Bu cür hallar əsasən satınalma proseslərində, zəruri və ya zəruri olmayan layihələrin icrasında, tələb olunub-olunmamasından asılı olmayaraq ehtiyat hissələrinin alınmasında və bəzi xərc maddələrinin, o cümlədən maaş fondunun şişirdilməsində baş verə bilər. Hesablama Palatasının rəyi də məhz bu qənaəti formalaşdırır",- deyə ekspert qeyd edib.

İqtisadçının sözlərinə görə, belə olduğu halda, əsas məsələ bu sahənin düzgün və effektiv idarə olunmasıdır:

"Bakı Metropoliteni elektrik enerjisi ilə işləyən nəqliyyat növüdür və əsas xərclər elektrik enerjisinə, əməkhaqqına, qaraj təsərrüfatının saxlanılmasına, ehtiyat hissələrinin alınmasına, siqnalizasiya və işıq-səs sistemlərinə yönəlir. Bütün bunlar maya dəyərinin tərkib hissəsidir. Gün ərzində metrodan istifadə edən sərnişinlərin sayı artdıqca, mövcud idarəetmə modeli şəraitində Bakı Metropoliteninin dövlət büdcəsinə yükü də artır. Buna görə də xərclərin optimallaşdırılması, strukturun yenidən təhlil edilməsi zəruridir. Lazımsız layihələrə və əsaslandırılmamış xərclərə vəsait ayrılmamalı, bəzi sahələrdə proseslər yenidən qiymətləndirilməlidir. Effektiv idarəetmə mexanizmləri tətbiq olunmalıdır",- deyə vurğulayıb.

A.İbrahimli qeyd edib ki, yeni ildən mümkün qiymət artımı məsələsinə gəlincə, Bakı Metropoliteni digər dövlət qurumları kimi subsidiya hesabına fəaliyyət göstərir:

"Məlumata görə, 2026-cı ildə də dövlət büdcəsindən bu məqsədlə təxminən 40 milyon manat vəsait ayrılacaq. Bu səbəbdən hesab edirəm ki, təxirəsalınmaz şəkildə struktur islahatları aparılmalı, Metropolitenin rəhbərliyində dəyişikliklər edilməli və bu sahəni bilən, peşəkar kadrlar təyin olunmalıdır".

Seyranə QuliyevaMissiya.Az

Seçilən
12
missiya.az

1Mənbələr