AZ

“Gürcüstanda müxalifət yoxdur” - Tbilisi meri

“Hazırkı şəraitdə Gürcüstanda müxalifətin birləşməsindən danışmaq mənasızdır, çünki ölkədə real müxalifət mövcud deyil”.

Missiya.Az xəbər verir ki. bunu Tbilisi meri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, sağlam siyasi rəqabət ölkə üçün vacib olsa da, bu gün Gürcüstanda belə bir siyasi qüvvə yoxdur.

Kaladze bildirib ki, müxalifətin olmaması dövlət üçün müsbət hal sayılmır, çünki hakimiyyətin daim formada qalması üçün güclü və məsuliyyətli müxalifət zəruridir.

Tbilisi meri qeyd edib ki, hazırda ölkədə müxalifət adı altında fəaliyyət göstərənlər əsasən radikal qruplardır və onlar xaricdən idarə olunurlar.

Onun fikrincə, bu qüvvələrin əsas məqsədi ölkənin maraqlarını qorumaq deyil və onlar Gürcüstanın əleyhinə addımlar atmağa hazırdırlar.

Kaladze əlavə edib ki, həmin qruplar ölkəyə qarşı açıq xəyanət nümayiş etdiriblər və bunun konkret nümunələri mövcuddur.

Siyasətçi bu kontekstdə vizasız rejimlə bağlı sənədlərin imzalanmaması, Gürcüstanın namizəd ölkə statusu almaması üçün aparılan fəaliyyətləri xatırladaraq, bəzi siyasi dairələrin bununla fəxr etdiyini bildirib.

Kaladze bəyan edib ki, bu cür yanaşmalar Gürcüstanın milli maraqlarına ziddir və ölkənin gələcək inkişafına ciddi təhlükə yaradır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr