F.Köçərli adına Respublika Uşaq Kitabxanasının yaranmasının 60 illiyi qeyd olunub.
Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova kitabxananın təhsilə dəstək məqsədilə daim uşaqlara bilik aşıladığını, oxuyan, düşünən, araşdıran nəsillərin yetişməsinə xidmət edən məktəbdənkənar təhsil müəssisəsi olduğunu deyib.
O, Respublika Uşaq Kitabxanasının uşaqlığın, saf düşüncənin, gələcəyin evi olduğunu vurğulayıb.
Daha sonra direktor Mədəniyyət Nazirliyinin təbrik məktubunu kitabxana kollektivinin diqqətinə çatdırıb.
Tədbirdə həmçinin, Respublika Uşaq Kitabxanasının həyata keçirdiyi müxtəlif layihələr və mədəniyyət tədbirləri haqqında məlumat verilib. Bu layihələr, tədbirlər, görüşlər və kitab təqdimatları uşaqların təhsilini və inkişafını dəstəkləyərək, onların mədəniyyətə olan maraqlarını artırmaq məqsədi daşıdığını diqqətə çatdırılıb.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı tərəfindən 60 illik yubiley münasibətilə uzun illər kitabxana işi sahəsində xidmətlərinə, gənc nəslin estetik tərbiyəsindəki işində səmərəli fəaliyyətinə, kollektivin ictimai həyatında fəal iştirakına görə bir qrup əməkdaş fəxri fərmanla təltif edilib.