AZ

"Müəllim bütün problemlərinizin günahkarı deyil" - Sona Əliyeva

"Müəllim yorulanda bunu ilk hiss edən uşaqlardır. Sinifdəki sakitliyin, dərsin keyfiyyətinin, hətta uşağın davranışının arxasında çox vaxt müəllimin özünü necə hiss etməsi dayanır". 

Redaktor.az xəbər verir ki, bunu Əməkdar müəllim, keçmiş deputat Sona Əliyeva bildirib.

"Müəllim haqqında danışanda çox vaxt ondan yalnız nəticə gözləyirik. Daha yaxşı dərs, daha səbirli münasibət, daha yüksək göstəricilər. Amma nadir hallarda düşünürük: müəllim bu qədər yükün altında özünü necə hiss edir?

Son vaxtlar məktəblərdəki vəziyyət təkcə proqram, dərslik və ya tez-tez dəyişən qaydalarla bağlı deyil. Burada daha çox insan faktoru var. Müəllim hər gün onlarla uşağın, valideynin və sistemin gözləntiləri arasında qalır. Bu isə zamanla yorğunluğa çevrilir.

Yorğun müəllim sakit sinif mühiti yarada bilmir. Sakit sinif mühiti olmadıqda isə təhsildə keyfiyyətdən danışmaq çətinləşir. Bu proses çox vaxt gözə görünmür, amma təsiri açıq şəkildə hiss olunur, uşaqların davranışında, ailələrin narahatlığında, məktəbdəki ümumi ab-havada.

Burada söhbət kiminsə haqlı və ya haqsız olmasından getmir. Məsələ ondadır ki, müəllimin özünü necə hiss etməsi təhsilin ən vacib, amma ən az danışılan tərəflərindən biridir. Bu tərəf nəzərə alınmadıqda, ən doğru qərarlar belə istənilən effekti vermir", - deyə o qeyd edib.

Sona Əliyevanın sözlərinə görə, müəllim özünü güvənli və dəyərli hiss etdikdə, bu hiss birbaşa uşaqlara və ailələrə ötürülür:

"Əks halda isə içində yığılan bu yorğunluq səssizcə böyüyür və bir müddət sonra artıq təkcə məktəbin yox, cəmiyyətin probleminə çevrilir...

Müəllim bütün problemlərinizin günahkarı deyil. Ona görə də müəllimin vəziyyətinə emosional mübahisə mövzusu kimi yox, diqqətlə yanaşılması vacib olan bir sosial məsələ kimi baxmaq lazımdır".

T.İSMAYIL

Seçilən
52
1
redaktor.az

2Mənbələr