AZ

Bakıda kub formasında satılan ətin tərkibi açıqlandı – ŞOKA DÜŞƏCƏKSİNİZ

Xəbər verdiyimiz kimi, Azərbaycanda satışa çıxarılan bəzi mal əti məhsulları görünüşünə görə ictimai müzakirələrə səbəb olub.

Bazarlarda və müxtəlif satış məntəqələrində təqdim olunan bu ətlərin mənşə ölkəsi barədə məlumatın göstərilməməsi istehlakçıların narahatlığını artırır. Alıcılar məhsulun haradan gətirildiyi, hansı şəraitdə emal olunduğu və sağlamlıq baxımından təhlükəsizliyi ilə bağlı yetərli məlumatın olmamasından şikayət edirlər.

Müzakirələrin əsas mövzularından biri ətin adi kəsim formasına uyğun gəlməməsidir. Kub formasında satışa çıxarılan ətlərin təbii şəkildə kəsilmədiyi, sənaye üsulu ilə formalaşdırıldığı və ya iri həcmdə dondurulub sonradan hissələrə ayrıldığı ehtimalları səsləndirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə bu məhsullarda klassik sümük və lif strukturunun aydın seçilmədiyi iddia olunur.

Bundan əlavə, məhsulun bazar qiymətlərindən xeyli ucuz təklif olunması da alıcıların diqqətini çəkir. Yerli bazarda təzə mal ətinin adətən daha baha satıldığını nəzərə alan istehlakçılar bu ətlərin keyfiyyəti, saxlanma və daşınma şəraiti ilə bağlı suallarını açıq şəkildə ifadə edirlər.

Sosial şəbəkə istifadəçiləri həmin ətdən aldıqlarını, gec bişdiyini və dadsız olduğunu qeyd ediblər.

Bəs həmin ətlər niyə kub formasındadır və tərkibində nələr var?

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Day.Az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycana Braziliya, Monqolustan, Hindistan, Ukrayna, Rusiya və digər ölkələrdən müxtəlif növ ət məhsulları idxal olunur. Onun sözlərinə görə, bu məhsullar ölkəyə daxil olarkən müvafiq qurumlar tərəfindən laborator analizlərdən keçirilir və yalnız qida təhlükəsizliyi baxımından insan sağlamlığı üçün risk daşımadığı halda satışa buraxılır.

Mütəxəssis qeyd edib ki, dondurulmuş ətlər adətən cəmdək və ya qabırğa formasında olur və təxminən -18 dərəcə temperaturda saxlanılır. Eyni zamanda emal üçün nəzərdə tutulan sənaye ətləri də idxal edilir ki, bunlar əsasən kolbasa, sosis və digər ət məhsullarının istehsalında istifadə olunur və pərakəndə satış üçün nəzərdə tutulmur.

Məhsəti Hüseynovanın sözlərinə görə, bazarda rast gəlinən kub formasında ətlər isə çox zaman xırda ət qalıqlarından, sümüyə yaxın hissələrdən təmizlənmiş və daha aşağı kateqoriyalı ətlərdən hazırlanaraq xüsusi yapışdırıcı və bəzən də kimyəvi qatqı maddələri vasitəsilə formalaşdırılır. Bu cür məhsullar "formalaşdırılmış ət" kimi mütləq etiketlənməlidir.

O vurğulayıb ki, belə ətlərin üzərində mənşə ölkə, kəsim və dondurulma tarixi, saxlanma temperaturu, keyfiyyət sertifikatı və baytarlıq nəzarətindən keçdiyini təsdiqləyən sənədlər açıq şəkildə göstərilməlidir. Bu məlumatların olmaması qanun pozuntusu hesab olunur və belə hallarla rastlaşan vətəndaşlar aidiyyəti qurumların qaynar xəttinə məlumat verməlidirlər.

Mütəxəssis əlavə edib ki, istehlakçılar bəzən bu cür ətlərin təzə olub-olmadığını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Xüsusilə daşınma və saxlanma zamanı temperatur rejiminə əməl edilmədikdə, ət donu açılıb yenidən dondurularsa, onun tərkibində ciddi dəyişikliklər baş verir və mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaranır. Bu isə sağlamlıq üçün ciddi risklər yarada bilər.

Məhsəti Hüseynova tövsiyə edib ki, vətəndaşlar mənşəyi bəlli olmayan, etiketlənməmiş və şübhə doğuran ət məhsullarından uzaq dursunlar. Eyni zamanda ət saxlanılarkən temperatur rejiminə əməl edilməli, bişirilərkən isə tam bişməsinə diqqət yetirilməlidir.

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
28
day.az

1Mənbələr