"Azərbaycanla Türkiyə arasında siyasi münasibətlər olmadığı qədər mükəmməldir. "Bir millət, iki dövlət" şüarına uyğun şəkildə hər keçən gün münasibətlərimiz inkişaf edir. Həmçinin, siyasi müstəqilliklə yanaşı, iqtisadi müstəqillik - heç bir dövlətdən iqtisadi asılılıq olmaması üçün iki qardaş ölkə olaraq yorulmadan çalışırıq".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün "Suveren Azərbaycan - Biznesdə yeni cığır" mövzusunda keçirilən konfransda deyib.
Qarabağın iqtisadi dirçəlişinə toxunan diplomat Zəngəzur dəhlizinin açılması ehtimalını da yüksək qiymətləndirib:
"TRIPP marşrutunun inşası istiqamətində Türkiyə olaraq biz də yolun Qarsdan başlayıb Naxçıvana qədər olan hissəsinin tikintisinə başlamışıq. Azərbaycan da dəhlizin Ermənistanla sərhədə qədər olan hissəsinin inşasını sürətlə davam etdirir. Zəngəzur dəhlizinin açılması hər bir müvafiq ölkənin iqtisadi inkişafına töhfə verəcək. Bu yol həm də Orta Dəhliz layihəsinin irəliləməsi deməkdir. Proses bölgəyə sülh və sabitlik gətirəcək, insanların rifahına müsbət təsir göstərəcək".