AZ

Liderləri daşıyan təyyarələrin dəhşətli qəzaları: Qarakənddən Ankarayadək

Türkiyənin paytaxtı Ankara şəhəri yaxınlığında baş verən və Liviya Silahlı Qüvvələrinin yüksək rütbəli rəhbərlərinin ölümünə səbəb olan təyyarə qəzası, regionda davam edən gərginlik və təhlükəsizlik sualları ilə dünya mediasında geniş rezonans doğurub.

Hadisə, xüsusi ilə dövlət və hökumət başçıları, yüksək rütbəli hərbçiləri daşıyan hava gəmilərində baş verən qəzaların səbəblərinin, bir çox hallarda, sadəcə “texniki qəza” ilə məhdudlaşmadığını, eyni zamanda siyasi və təhlükəsizlik aspektlərini də bir daha gündəmə gətirdi.

“Yeni Sabah” tarix boyunca baş vermiş təyyarə və helikopterlər qəzalarının xronologiyasını hazırlayıb.

1936 – İsveç

İsveçin sabiq baş naziri Arvid Lindman London yaxınlığında baş verən təyyarə qəzasında həlak olub.

1940 – Paraqvay

Dövlət başçısı Xose Feliks Estiqaribia təyyarə qəzasında həyatını itirib.

1943 – Böyük Britaniya

Polşanın sürgündəki lideri Vladislav Sikorski Cəbəllütariq yaxınlığında baş verən qəza nəticəsində ölüb.

1958 – Braziliya

Müvəqqəti dövlət başçısı Nereu Ramos təyyarə qəzasında həlak olub.

1959 – Mərkəzi Afrika Respublikası

Ölkənin müstəqillik lideri Bartelmi Boqanda təyyarə qəzasında həyatını itirib.

1961 – ABŞ

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-124 Globmaster II təyyarəsinin qəzaya uğraması nəticəsində 93 hərbçi həlak olub. Bu, ABŞ tarixinin ən ağır hərbi aviasiya qəzalarından biri sayılır.

1961 – Zambiya

BMT-nin baş katibi Dağ Hammarşöldü daşıyan təyyarə qəzaya uğrayıb. Hadisə ilə bağlı beynəlxalq araşdırmalar aparılsa da, terror ehtimalı tam istisna edilməyib.

1966 – İraq

Dövlət çevrilişi ilə hakimiyyətə gəlmiş prezident Əbdüssəlam Arif helikopter qəzasında ölüb.

1969 – Boliviya

Prezident Rene Barrientos helikopter qəzasında həyatını itirib.

1977 – Yuqoslaviya

Baş nazir Djemal Bijediç təyyarə qəzasında həlak olub.

1979 – Mavritaniya

Baş nazir Əhməd Uld Busifin olduğu təyyarə qəzaya uğrayıb.

1980 – Portuqaliya

Baş nazir Fransişku Sa Karneyru təyyarə qəzasında həyatını itirib.

1981 – Ekvador

Prezident Xayme Roldos Aqilera təyyarə qəzasında həlak olub.

1985 – Kanada

ABŞ hərbçilərini daşıyan Arrow Air DC-8 təyyarəsi qəzaya uğrayıb, 256 nəfər ölüb. Hadisə ilə bağlı kənar müdaxilə ehtimalları uzun müddət müzakirə edilib.

1986 – Mozambik

Prezident Samora Maşelin təyyarəsi ölkənin şimalında qəzaya uğrayıb. Rəsmi versiya naviqasiya xətası olsa da, hadisə sui-qəsd şübhələri ilə yadda qalıb.

1987 – Livan

Baş nazir Rəşid Kərami Beyruta uçduğu helikopterdə yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub. Bu hadisə Livan vətəndaş müharibəsinin ən sarsıdıcı siyasi sui-qəsdlərindən biri hesab edilir.

1988 – Pakistan

Prezident Məhəmməd Ziya-ul-Həq, ABŞ səfiri və yüksək rütbəli hərbçilərin olduğu təyyarə qəzaya uğrayıb. Hadisə Pakistan tarixində ən müəmmalı hava faciələrindən sayılır.

20 noyabr 1991 – Azərbaycan

Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri və digər rəsmi şəxslərin olduğu Mi-8 helikopteri Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi ərazisində erməni quldurları tərəfindən vurulub. Hadisə rəsmi olaraq terror aktı kimi tanınıb və Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi sayılır.

1994 – Ruanda / Burundi

Ruanda Prezidenti Jüvenal Habyarimana və Burundi Prezidenti Siprien Ntaryamiranı daşıyan təyyarə Kiqali yaxınlığında raketlə vurulub. Bu hadisə Ruanda soyqırımını alovlandıran əsas səbəblərdən biri hesab olunur.

1996 – Xorvatiya

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus CT-43 tipli Boeing 737 təyyarəsinin qəzaya uğraması nəticəsində 35 yüksək rütbəli şəxs həlak olub.

2001 – Ukrayna

Tu-154 sərnişin təyyarəsi hərbi təlim zamanı raketlə vurulub, 78 nəfər həyatını itirib.

2002 – Çeçenistan

Əsgərləri daşıyan Mi-26 helikopterinin vurulması nəticəsində 127 hərbçi həlak olub. Bu hadisə dünyada ən ağır helikopter terror aktlarından biri kimi tarixə düşüb.

Mi-26 tipli helikopter fövqəladə şəraitdə və qısa məsafəli uçuşlarda 120-dən çox hərbçi daşımaq imkanına malikdir. Qəza zamanı helikopterdə normadan artıq sayda şəxsi heyət olduğu rəsmi qurumlar tərəfindən təsdiqlənib.

2003 – İran

İran İnqilab Keşikçiləri Qvardiyasına məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 275 hərbçi ölüb.

2004 – Şimali Makedoniya

Prezident Boris Traykovski təyyarə qəzasında həyatını itirib.

2010 – Polşa

Prezident Lex Kaçinski və ölkənin hərbi-siyasi elitasını daşıyan Tu-154M təyyarəsi Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğrayıb. Nəticədə dövlət başçısı və daha 95 nəfər həlak olub.

2014 – Əlcəzair

Hərbi C-130 Hercules təyyarəsinin qəzaya uğraması nəticəsində 77 hərbçi ölüb.

2015 – İndoneziya

Hərbi C-130 təyyarəsinin yaşayış məntəqəsinə düşməsi nəticəsində 122 nəfər həyatını itirib.

2018 – Əlcəzair

Hərbi İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 257 hərbçi həlak olub.

2020 – İran

Ukraynaya məxsus PS752 təyyarəsi İran Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub, 176 nəfər ölüb.

2022 – Rusiya

Hərbi İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 9 nəfərdən 5-i həlak olub, 4 nəfər yaralanıb.

2024 – Yaponiya

Yaponiya Sahil Mühafizəsinə məxsus təyyarənin Tokio hava limanında toqquşması nəticəsində 5 hərbçi ölüb.

2024 – İran

İçində İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmirabdullaian, Şərqi Azərbaycan valisi Malik Rəhmeti və dini liderin Şərqi Azərbaycandakı nümayəndəsi Məhəmməd Əli Əl-i Haşiminin olduğu helikopter ölkənin Vərziqan bölgəsinin yaxınlığında qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub. Qəza ilə bağlı rəsmi səbəb hava şəraiti göstərilsə də, helikopterin vurulması və ya kənardan texniki müdaxilə versiyası bu gün də gündəmdən düşmür. 

23 dekabr 2025 – Ankara

Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddad və onu müşayiət edən yüksək rütbəli hərbçilərin olduğu təyyarə Ankarada qəzaya uğrayıb. Hadisə məqsədli hücum ehtimalını yenidən gündəmə gətirib.

Liviya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Muhammed Ali Ahmet El Haddad və onu müşayiət edən yüksək rütbəli hərbçilərin olduğu təyyarə Ankarada qəzaya uğrayıb. Hadisə Liviya daxilində davam edən silahlı qarşıdurmalar və regional gərginlik şəraitində baş verdiyi üçün məqsədli hücum ehtimalı istisna edilmir.

Texniki hadisədən siyasi təhlükəsizliyə

Bu xronologiya göstərir ki, siyasi və hərbi liderləri daşıyan təyyarə və helikopterlərin qəzaya uğraması nadir hallarda yalnız texniki hadisə kimi qiymətləndirilir. Bəzi hallarda terror və müdaxilə sübuta yetirilir, bəzilərində isə suallar illərlə cavabsız qalır. Dəyişməyən bir həqiqət var: bu cür qəzalar təkcə aviasiya deyil, həm də qlobal siyasi təhlükəsizlik məsələsidir.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
40
yenisabah.az

1Mənbələr