AZ

Azərbaycan və Türkiyə: Suriya və Yaxın Şərqdə yeni imkanlar –  MÜSAHİBƏ

Bakı, 24 dekabr, Tamilla Məmmədova, AZƏRTAC

Son illər Azərbaycanla Türkiyə iqtisadiyyat və energetika sahələrində əməkdaşlıq imkanlarını daha fəal şəkildə genişləndirərək Yaxın Şərqdə və qonşu regionlarda təsir dairələrini artırırlar. Davam edən siyasi qeyri-sabitliyə baxmayaraq, Suriyada energetika və infrastrukturdan aqrologistikaya qədər birgə layihələrin həyata keçirilməsi imkanları xüsusi maraq doğurur. Eyni zamanda Bakı beynəlxalq arenada rolunu gücləndirərək təkcə enerji və tranzit mərkəzi kimi deyil, həm də Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq arasında diplomatik vasitəçi kimi çıxış edir. Bu şəraitdə Türkiyə Azərbaycan üçün əsas tərəfdaş olaraq qalır. Xüsusilə Orta Dəhlizin, Avropa və Türkiyənin enerji balansında strateji elementlərə çevrilə biləcək Cənub Qaz Dəhlizinin inkişafı da daxil olmaqla irimiqyaslı nəqliyyat, logistika təşəbbüsləri bu tərəfdaşlığın mühüm tərkib hissəsidir.

AZƏRTAC-ın suallarını türkiyəli politoloq Engin Özer cavablandırır.

- Azərbaycan və Türkiyə Suriyada energetika, infrastrukturun bərpası, logistika kimi hansı sahələrdə birgə layihələr həyata keçirə bilər? Mürəkkəb siyasi şərait fonunda bu cür təşəbbüslər nə dərəcədə realdır?

- Birgə layihələr üçün potensial həqiqətən mövcuddur və kifayət qədər genişdir. İlk növbədə Azərbaycan Suriyanın enerji sistemində nəzərəçarpacaq rol oynaya bilər. Bakının neft emalı sahəsində böyük təcrübəsi və neft-qaz sənayesi üçün kadr hazırlığı üzrə ciddi potensialı var. Bu baxımdan Türkiyə ilə Azərbaycanın Liviyada əməkdaşlığı nümunə kimi göstərilə bilər. Orada artıq neft-qaz hasilatı və emalı ilə bağlı bir sıra layihələr həyata keçirilir. Bu gün Suriyada da oxşar şərait formalaşır ki, bu da analoji təşəbbüslər üçün imkanlar açır. Xüsusilə Azərbaycan Suriyada gələcək neft sənayesi mütəxəssislərinin hazırlanması üçün filiallar və ya tədris mərkəzləri yarada bilər. İkinci perspektivli istiqamət aqrologistikadır. Hazırda Qazaxıstan taxılın daşınmasında maraqlıdır və bu kontekstdə Azərbaycan üzərindən Suriyaya marşrutun qurulması, taxılın isə artıq yerində emalı imkanı yaranır. Belə bir layihə bütün tərəflər üçün qarşılıqlı faydalı ola bilər.

Bundan əlavə, Türkiyə və Azərbaycan onilliklər ərzində formalaşmış, inkişaf etmiş liman və gəmiqayırma infrastrukturuna malikdir. Bu kontekstdə Ankara və Bakı Latakiyada mövcudluqlarını gücləndirərək yeni beynəlxalq dəniz limanının tikintisində və regionun logistika imkanlarının inkişafında iştirak edə bilərlər. Beləliklə, mövcud risklərə baxmayaraq, energetika, logistika, aqrar sektor və liman infrastrukturu sahələrində Türkiyə ilə Azərbaycanın Suriyada birgə layihələrinin orta müddətli perspektivdə reallaşdırılması üçün real sahələr mövcuddur.

- Azərbaycan Yaxın Şərqdə hansı rolu oynaya bilər – enerji, tranzit, yoxsa diplomatik? O Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya arasında birləşdirici həlqəyə çevrilə bilərmi?

- Əslində, Azərbaycanın eyni vaxtda bir neçə istiqamət üzrə imkanları var. Yaxın Şərq ölkələri ilə enerji layihələri uzun illərdir həyata keçirilir və burada əməkdaşlıq formatlarının geniş spektri mövcuddur. Azərbaycanın topladığı dəyərli təcrübə regionun ehtiyaclarına uyğunlaşdırıla bilər.

Bundan başqa, ölkənin Yaxın Şərqin aqrar sektoruna investisiya qoyuluşu üçün hələ tam reallaşdırılmamış böyük potensialı var. Regionun bir çox dövlətləri kənd təsərrüfatının inkişafına ciddi ehtiyac duyur. Bu prosesdə Azərbaycanın biznes diasporu mühüm rol oynaya bilər. İllərlə xaricdə, o cümlədən Rusiyada və digər ölkələrdə fəaliyyət göstərən bu insanlar ticarət və sahibkarlıq sahəsində praktiki təcrübəyə malikdirlər və bu təcrübə Yaxın Şərq bazarlarına yönəldilə bilər. Xüsusilə qeyd etmək lazımdır ki, Bakı Afrika istiqamətində də aktiv fəaliyyətə yeni başlayır və burada Türkiyə ilə birgə təşəbbüslər üçün geniş imkanlar açılır. Təxminən 40 Afrika ölkəsinin səfirliyi qitə dövlətləri ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişafı üçün platforma rolunu oynaya bilər. Ticarət və investisiyalar da ayrıca diqqətəlayiq sahədir. Azərbaycan üçün neft emalı və bununla əlaqəli infrastruktur da daxil olmaqla investisiya potensialı yüksək olan dövlətlər perspektivlidir. Bu istiqamətdə də ölkənin mövqeyini genişləndirmək üçün real imkanlar mövcuddur. Beləliklə, Azərbaycan Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya arasında, ilk növbədə diplomatik və ticarət-investisiya oyunçusu kimi çıxış edərək, xarici siyasətinin enerji və tranzit komponentlərini tamamlayan birləşdirici həlqəyə çevrilə bilər.

- Bu gün Türkiyə və Avropa üçün “enerji balansı” nə deməkdir? Avropa İttifaqında (Aİ) qaz mənbələrinin diversifikasiyası siyasəti nə dərəcədə uğurludur və Cənub Qaz Dəhlizi bu prosesdə daha mühüm rol oynaya bilərmi?

- Türkiyə üçün enerji balansı ilk növbədə idxalın diversifikasiyası deməkdir. Türkiyənin enerji təhlükəsizliyi tək bir tədarükçüdən asılılıq üzərində deyil, mümkün qədər çox mənbədən, ideal halda altı-yeddi istiqamətdən, həm boru kəməri, həm də mayeləşdirilmiş təbii qaz hesabına təminata əsaslanır. Bu kontekstdə Türkiyənin Energetika Nazirliyi ümumi idxalda Rusiya qazının payını ardıcıl şəkildə azaldır. Mövcud qiymətləndirmələrə görə, bu göstərici təxminən 41 faizə, hətta daha aşağı səviyyəyə enə bilər. Bu isə avtomatik olaraq Azərbaycandan qaz idxalının artması deməkdir və Azərbaycan Ankara üçün getdikcə daha mühüm tərəfdaşa çevrilir. Oxşar siyasət bu gün Avropa İttifaqı tərəfindən də həyata keçirilir. Lakin Aİ üçün enerji balansı məsələsi Ukraynadakı müharibə və bununla bağlı risklər səbəbindən daha mürəkkəb xarakter daşıyır. Yaxın perspektivdə Avropa İttifaqı Rusiya qazından demək olar ki, tam imtina etməyi planlaşdırır ki, bu da alternativ mənbələrə tələbatı artırır. Bu şəraitdə həqiqətən Azərbaycanın Avropaya qaz ixracını artırmaq imkanları yaranır. Bu istiqamətdə işlər uzun müddətdir aparılır və Cənub Qaz Dəhlizi burada əsas rol oynayır. Lakin obyektiv məhdudiyyətlər də mövcuddur. İlk növbədə bu, Azərbaycanla Türkiyə arasında, daha sonra isə Avropaya doğru mövcud qaz kəmərlərinin ötürücülük qabiliyyəti ilə bağlıdır.

Başqa sözlə tələbat var, potensial var, lakin infrastruktur məhdudiyyətləri hələlik tədarükün artımını əngəlləyir. Gələcəkdə Azərbaycan daha iddialı layihələr barədə düşünməli ola bilər. Söhbət Ermənistan və Türkiyə üzərindən Avropa İttifaqı istiqamətində birbaşa qaz kəməri marşrutlarının yaradılmasından gedə bilər. Beləliklə, Cənub Qaz Dəhlizi artıq Türkiyə və Avropanın enerji balansında mühüm rol oynayır, infrastruktur genişləndirildiyi təqdirdə isə Avropanın diversifikasiya strategiyasında daha da əhəmiyyətli elementə çevrilə bilər.

- Orta Dəhlizin inkişafında Türkiyə hansı rolu oynayır və oynaya bilər? Bu dəhlizin tam işlək vəziyyətə gətirilməsi üçün institusional və infrastruktur səviyyəsində öncədən hansı addımlar atılmalıdır?

- Mənim fikrimcə, Orta Dəhliz nə sırf siyasi, nə də sırf infrastruktur layihəsidir. Bu, bir sıra ölkələrin iştirak etdiyi mürəkkəb çoxtərəfli təşəbbüsdür. Məhz buna görə də layihə ətrafında fəal diplomatik mübarizə gedir. Beynəlxalq arenada bu marşrut üzərində nəzarət uğrunda rəqabət müşahidə olunur. Xüsusilə ABŞ Orta Dəhlizin inkişafına daha çox Çin mallarının Avropaya tranziti üçün deyil, Hindistan mallarının İran marşrutundan yan keçməklə Avropa bazarlarına çıxışını təmin etmək məqsədilə təsir göstərməyə çalışır. Bu kontekstdə Türkiyənin təsiri ilk növbədə diplomatik müstəvidə özünü göstərir. Eyni zamanda Ankaranın layihənin qısa müddətdə reallaşdırılmasını sürətləndirmək üçün kifayət qədər güclü təzyiq rıçaqları yoxdur. Tikinti və infrastruktur baxımından isə layihə Türkiyə üçün ciddi problem yaratmır, belə ki, texniki cəhətdən onun həyata keçirilməsi tam mümkündür.

Seçilən
36
1
azertag.az

2Mənbələr