AZ

Ölkədə dərman istehlakının artmasının səbəbi nələrdir ? - PROFESSOR AÇIQLADI

Ötən həftə Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-noyabr ayları ərzində pərakəndə ticarət şəbəkəsində 1 milyard 424,1 milyon manatlıq dərman və tibbi ləvazimat satıldığını açıqlayıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,3% çoxdur. Təkcə noyabr ayında əhali 138,6 milyon manatlıq dərman alıb. Bəs bu artım xəstəliklərin sayının artması ilə bağlıdır, yoxsa başqa səbəblər də var?

Məsələ ilə bağlı professor Adil Qeybulla SİA-ya açıqlamasında bildirib ki, dərman maddələrinin istehlakının artım dinamikası hazırda bütün dünyada müşahidə olunan qlobal bir tendensiyadır:

“Bu artımın əsas səbəblərindən biri əhali sayının davamlı şəkildə çoxalmasıdır. Əhali artdıqca səhiyyə xidmətlərinə və dərman vasitələrinə olan tələbat da paralel olaraq yüksəlir. Bununla yanaşı, müxtəlif xroniki və qeyri-infeksion xəstəliklərin sayının artması, əhalinin yaşlanması, stressli həyat tərzi və ekoloji faktorlar da dərman istehlakının artmasına ciddi təsir göstərir.

Xüsusilə Covid-19 pandemiyasından sonrakı dövrdə sağlamlıqla bağlı narahatlıqlar daha da güclənmiş, insanların xəstəliklərə qarşı həssaslığı artmışdır. Pandemiya həm mövcud xəstəliklərin ağırlaşmasına, həm də yeni sağlamlıq problemlərinin yaranmasına səbəb olmuş, nəticədə dərman preparatlarına tələbat əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bir çox insan profilaktik məqsədlərlə də dərman və vitamin preparatlarına daha çox müraciət etməyə başlamışdır.

Digər tərəfdən, xüsusilə yerli səviyyədə geniş yayılmış bir hal da mövcuddur ki, insanlar həkim məsləhəti olmadan, qonşu, tanış və ya müxtəlif qeyri-rəsmi mənbələrin tövsiyəsi ilə apteklərdən dərman alaraq ev şəraitində müalicə olunmağa çalışırlar. Bu cür özünümüalicə halları dərman istehlakının statistik göstəricilərinə birbaşa təsir göstərir və ümumi istifadənin artmasına səbəb olur. Bu faktor da nəzərə alınmalı, eyni zamanda əhalinin maarifləndirilməsi və düzgün dərman istifadəsinin təşviqi istiqamətində tədbirlər gücləndirilməlidir”.

Müəllif: Arzu Qurbanlı
Seçilən
42
1
sia.az

2Mənbələr