Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyi ilə bağlı bu günə qədər hələ də dəqiq və dolğun məlumat yoxdur. Ermənistan tərəfi məsələ ilə bağlı beynəlxalq hüququn tələblərinə zidd olaraq hər hansı açıqlama vermir, əməkdaşlıqdan yayınır və faktları gizlətməkdə davam edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan isə bu məsələyə hüquqi-siyasi qiymətin verilməsində, həqiqətlərin üzə çıxarılmasında və məsul tərəfin müəyyənləşdirilməsində qətiyyətli mövqe nümayiş etdirir:
“Məhz bu səbəbdən prosesin beynəlxalq müstəviyə çıxarılması Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyır. Bu addım, bir tərəfdən, gələcəkdə oxşar halların təkrarlanmaması üçün beynəlxalq presedent formalaşdırmağa xidmət edir, digər tərəfdən isə problemin təkcə regional deyil, qlobal humanitar məsələ olduğunu nümayiş etdirir. Azərbaycan bu məsələni BMT müstəvisinə çıxarmaqla beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmiş və nəticə etibarilə müvafiq sənədin BMT-də əsas sənəd kimi qəbul olunmasına nail olmuşdur. Bu, Azərbaycanın diplomatik və siyasi baxımdan əldə etdiyi mühüm üstünlük kimi qiymətləndirilə bilər.
Azərbaycan Respublikasının mövqeyi ondan ibarətdir ki, dövlət öz vətəndaşlarını heç vaxt unutmur və onların taleyi ilə bağlı məsələləri daim gündəmdə saxlayır. Ermənistanın bu prosesdə əsas və birbaşa məsul tərəf olduğu beynəlxalq arenada açıq və aydın şəkildə vurğulanır. Məsələnin beynəlxalq platformalara daşınması Azərbaycanın həm humanitar prinsiplərə, həm də beynəlxalq hüquqa sadiqliyini bir daha təsdiqləyir.
Bu baxımdan Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 2025-ci il oktyabrın 9-11-də Bakı şəhərində keçirilmiş “İtkin düşmüş şəxslər məsələsinin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans xüsusi əhəmiyyət kəsb edir. Konfransda qəbul edilmiş bəyannamənin BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunması problemin beynəlxalq səviyyədə tanındığını və ciddi qəbul edildiyini göstərir. Bu sənəd eyni zamanda digər ölkələrin və beynəlxalq təşkilatların diqqətini məsələyə yönəldərək, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində birgə səylərin gücləndirilməsinə mühüm töhfə verir”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.