AZ

Evlərin qiyməti artır, ipoteka limiti niyə artırılmır?

ain.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son illərdə Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin davamlı artmasına baxmayaraq, ipoteka kreditləri üzrə maksimal limitin dəyişməz qalması ictimai müzakirə mövzusuna çevrilib. Bir çox vətəndaşlar üçün ipoteka mexanizmi mənzil əldə etməyin əsas və bəzən yeganə yolu olduğu halda, mövcud limitlərin bazar qiymətləri ilə uyğunlaşmaması suallar doğurur. Bu vəziyyət ipoteka limitlərinin niyə artırılmadığı, hansı amillərin buna təsir göstərdiyi mövzusunu aktuallaşdırır.

Mövzu ilə bağlı əmlak üzrə ekspert Anar Nəsirov Banco.az-a bildirib ki, daşınmaz əmlak bazarında artıq bir neçə ildir ki, qiymət artımı müşahidə olunur: "Xüsusilə Bakı şəhəri və ətraf qəsəbələrdə bu artım daha çox ipotekaya yararlı olan mənzillərdə müşahidə olunur və bu tip mənzillərin qiymətləri digər mənzillərlə müqayisədə daha sürətlə yüksəlir.

Bununla belə, mənzil qiymətləri artdığı halda, İpoteka Fondunun mənzil alışı üçün müəyyən etdiyi kredit limiti dəyişməz qalıb. Bu vəziyyət ipoteka ilə ev almaq istəyən vətəndaşlar üçün ciddi çətinliklər yaradır. Hazırkı bazar şəraitində Bakı və ətraf qəsəbələrində 150 000 manat civarında ipotekaya yararlı, normal yaşayış şəraiti olan bir mənzil tapmaq olduqca çətindir. Bu məbləğə əsasən ya bir otaqlı, ya da köhnə tikilidə yerləşən iki otaqlı mənzil almaq mümkündür ki, onlar da şəhərin mərkəzindən kənar ərazilərdə yerləşir.

Nəticədə ipoteka ilə mənzil almaq istəyən şəxslər aylarla uyğun mənzil axtarışında qalır və ya istədikləri evi əldə etmək üçün əlavə vəsait tapmağa məcbur olurlar. Bir çox hallarda bu, qohum və tanışlardan borc almaq hesabına baş verir ki, bu da alıcı üçün əlavə maliyyə yükü yaradır".

Ekspertin sözlərinə görə, İpoteka Fondu daşınmaz əmlak bazarındakı real qiymət artımlarını nəzərə alaraq ipoteka kreditinin maksimal limitini yuxarı etməlidir ki, mənzil almaq çətin olmasın:

"Bir sözlə, Fond artan daşınmaz əmlak qiymətlərini nəzərə alaraq hər il ipoteka kreditinin maksimal məbləğini yenidən nəzərdən keçirməlidir. Çünki hazırda ipotekanın maksimum limitinin 150 000 manat olması bazarın real vəziyyətinə uyğun gəlmir və bu məbləğə normal, ipotekaya yararlı mənzil tapmaq olduqca çətindir.

Hər il inflyasiya və mənzil qiymətlərindəki artımı nəzərə alınaraq ipoteka limitinin artırılması daha məqsədəuyğun olardı. Bu, həm ipotekaya müraciət edənlərin sayının artmasına, həm də vətəndaşların mənzil əldə etməsini nisbətən asanlaşdırmağa imkan verə bilər. Hazırda isə Bakı şəhəri və ətraf qəsəbələrdə, xüsusilə mərkəzə yaxın ərazilərdə 150–250 min manat aralığında ipotekaya yararlı mənzil tapmaq çətinləşib".

"Bu baxımdan İpoteka Fondu ipoteka limitini mərhələli şəkildə artırmaqla vətəndaşların üzləşdiyi bu çətinlikləri azalda bilər. Belə bir yanaşma daha çox insanın ipoteka yolu ilə mənzil almağa üstünlük verməsinə şərait yaradardı. Mövcud limit isə bir çox hallarda alıcıları maliyyə çətinlikləri ilə üz-üzə qoyur və bazardakı real qiymətlərlə ipoteka məbləği arasında uyğunsuzluq yaradır.

Nəticə etibarilə, 150 000 manatadək olan mənzillər əsasən şəhərin kənar ərazilərində yerləşir və bu qiymətə uyğun mənzil tapmaq getdikcə çətinləşir", - Anar Nəsirov qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
banco.az

2Mənbələr