Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına kompleksdə yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var. Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.
Binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.
Qeyd edək ki, dövlətimizin başçısı bu kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikinti işlərinin gedişi ilə tanış olublar.
Qarabağın və Şərqi Zəngəzurun bərpasında əsas prinsip müasir standartlara uyğun məntəqələrin qurulması ilə keçmiş məcburi köçkünlərin rahat yaşayışını təmin etməkdən ibarətdir. Bununla yanaşı, sosial infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzində saxlanılır. İşğaldan azad edilmiş ərazilərimizdə müasir məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir, məşğulluğun təmin olunması üçün sənaye parkları, müxtəlif istehsal müəssisələri, xidmət sahələri yaradılır. Bütün bu tədbirlər Qarabağın və Şərqi Zəngəzurun qısa müddətdə dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və bölgənin sürətli inkişafına xidmət edir.
"Cebheinfo.az"