“The Economist” jurnalının yazdığına görə, Baltik dənizi son dövrlər Rusiya ilə NATO ölkələri arasında mümkün qarşıdurma kontekstində ən həssas və riskli regionlardan biri kimi qiymətləndirilir.
KONKRET.az bildirir ki, nəşr xüsusilə dənizin dibi ilə keçən kritik infrastrukturun, enerji və telekommunikasiya xətlərinin yüksək dərəcədə müdafiəsiz qalmasına diqqət çəkir.
Məqalədə bildirilir ki, regionun strateji əhəmiyyəti Baltik dənizi akvatoriyasında mühüm obyektlərin sıx cəmləşməsi fonunda kəskin şəkildə artıb. Dənizin dibi ilə Finlandiya və Estoniyanı birləşdirən Balticconnector qaz kəməri, eləcə də Norveç qazını Polşaya daşıyan Baltic Pipe xətti keçir. Bununla yanaşı, bölgədə ölkələr üçün həyati əhəmiyyət daşıyan elektrik ötürücü xətlər və rabitə kabelləri mövcuddur.
Hazırda Baltik dənizi sahillərində mayeləşdirilmiş təbii qazın qəbulu üçün 10 LNG terminalı fəaliyyət göstərir, daha iki terminalın isə inşası davam edir. Paralel olaraq Danimarka, Almaniya və Polşa sahilyanı sularında iri dəniz külək elektrik stansiyaları layihələrini sürətlə inkişaf etdirir.
“The Economist” vurğulayır ki, NATO Baltik dənizində ənənəvi hərbi-dəniz imkanları baxımından üstün mövqeyə malik olsa da, Rusiya kritik infrastruktura təsir göstərməklə vəziyyəti sabitlikdən çıxarmağa imkan verən vasitələrə sahibdir. Bu amil Baltik regionunu təhlükəsizlik və strateji planlaşdırma baxımından ən mürəkkəb zonalardan birinə çevirir.
Müşviq Tofiqoğlu
KONKRET.az