Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Qahirə, 24 dekabr, AZƏRTAC
Konqo Demokratik Respublikası kobalt ixracını bərpa edib. Əsasən elektrik batareyalarının hazırlanmasında mühüm əhəmiyyət kəsb edən bu strateji metalın ixracı 10 aydan bəridir ki, dayandırılmışdı. Konqo bunun səbəbini bazarda qiymətlərin kəskin enməsi ilə əlaqələndirirdi.
AZƏRTAC-ın Rabatdakı müxbirinin Konqo mediasına istinadən bildirdiyinə görə, qiymətlər son səkkiz ilin ən aşağı səviyyəsinə endiyi üçün bu qərar verilib.
Strateji Mineral Bazarlarının Tənzimlənməsi və Nəzarəti Qurumu tərəfindən həyata keçirilən strategiya isə öz müsbət nəticəsini verib. Belə ki, kobaltın qiyməti 22 min dollardan 54–55 min dollara yüksəlib.
Konqo Demokratik Respublikası kobaltın dünyada ən böyük ixracatçısıdır. ABŞ Geoloji Tədqiqatlar İnstitutunun məlumatına görə, bu dövlət 2024-cü ildə qlobal istehsalın təxminən 76 faizini, yəni 220 min tonunu təmin edib.
Dünyanın ən iri kobalt mədənləri – “Tenke Fungurume” və “Kisanfu” Konqo Demokratik Respublikasının cənub-şərqində Katanga bölgəsində yerləşir. Həmin mədənlər Çin Molibden Qrupu (CMOC) tərəfindən istismar olunur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.