AZ

Rusiyada neonasistlər “kişilik dərsi” keçməyə başlayıb Orta məktəblərə dəvət olunurlar (FOTO)

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiyada qatı millətçiliyin, şovinizmin ”çiçəkləndiyi” indiki dönəmdə artrıq neonasizm üçün də qapılar tam açılmağa başlayıb. Belə görünür ki, Ukraynada guya nasizmlə savaşdığını elan edən Rusiya hakimiyyəti bilərəkdən öz ölkəsində bu cərəyan üçün hər cür şərait yaratmaqdadır.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, neonasist “Rusiç” qrupunun qurucusu Aleksey Milçakov Rusiya məktəblərinin birində şagirdlərə "kişilik dərsi" keçirib. “Rusiç” nasist qrupunun Telegram kanalında dərc olunmuş paylaşımda məktəbin nömrəsi və nasist olduğunu dəfələrlə açıq şəkildə bəyan edən Milçakova təşəkkürnamə təqdim edən direktorun adı gizlədilib.

Media qurumları bu “kişilik dərsi”nin Sankt-Peterburqda qabaqcıl informasiya texnologiyaları üzrə ixtisaslaşmış 538 nömrəli orta məktəbdə keçirildiyini müəyyən ediblər.

Jurnalistlər bildiriblər ki, bu, məktəbin ifrat sağçı qrupların nümayəndələri ilə görüş keçirməsi ilk dəfə deyil: fevral ayında millətçi “Nevski Cəbhəsi” xeyriyyə fondunun nümayəndələri də oxşar tədbirə dəvət olunublar.

Xəbərin “Astra” Telegram kanalında dərc olunmasından sonra “Rusiç” neonasist qrupu məktəblərdə "kişilik dərslərinin bölmənin döyüşçüləri tərəfindən müntəzəm olaraq keçiriləcəyini" bəyan edib və həmçinin "uşaq və yeniyetmələr üçün döyüş təlimi düşərgələri açılacağını” elan edib.

Qeyd edək ki, Milçakov faşist baxışları ilə yanaşı, Ukraynada törədiyi hərbi cinayətlərlə tanınıb. O, Donbassda həlak olan ukraynalıların meyitləri ilə şəkillər paylaşıb, ölənlərin qulaqlarını kəsib, cəsədlərinin üzərinə bıçaqla faşist simvolikaları çəkib və sair. İndi belə birisi orta məktəb direktorları tərəfindən şagirdlərə “kişilik dərsi” keçmək üçün dəvət olunur.

Xatırladaq ki, bir neçə gün öncə 4-cü sinif şagirdi olan tacik əsilli uşaq milli mənsubiyyətinə görə 15 yaşlı rus yeniyetmə tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi. Görünür, Rusiya hakimiyyəti bu cür “kişilik dərsləri” ilə milli ayrıseçkilik və nifrəti daha da qızışdırmaq və belə qətllərin sayını artırmaq istəyir...

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
azpolitika.info

1Mənbələr