AZ

“Səhərdən siftə etməmişəm” – BAZARDAN BAYRAMQABAĞI REPORTAJ

Yeni ilin gəlişinə sayılı günlər qalıb.

Adətən, bayram öncəsi bazarlarda müxtəlif məhsulların qiymətində artım müşahidə olunur. Bayram süfrəsinin əsas məhsulları olan ət, meyvə-tərəvəz, şirniyyat və içkilərə tələbat artdıqca qiymətlər də vətəndaşların diqqət mərkəzinə çevrilir.

“Yeni Sabah”ın əməkdaşı bayramqabağı vəziyyəti yerindəcə öyrənmək üçün paytaxt sakinlərinin ən çox üz tutduğu bazarlardan olan “8-ci kilometr bazarı”na (“Vosmoy”) baş çəkib.

Bolluq var, amma satıcı seyrəkdir

İlk baxışda bazarda bolluq müşahidə olunsa da, müştərilərin sayı satıcıları heç qane etmir.

Həmsöhbət olduğumuz satıcıların demək olar ki, hamısı satışların zəif olmasından gileylənir. Xüsusən meyvə-tərəvəz piştaxtalarının qarşısında nadir hallarda müştəri görmək olur.

Qiymətlərə gəlincə, satıcıların hamısı bir ağızdan bildirdi ki, “kasıbın cibinə uyğundur”.

Piştaxtasında demək olar ki, bütün meyvələrdən olan satıcı Ənvər Mehdiyev səhərdən bəri “siftə” etməməsindən şikayətlənir:

“Haradasa səhər saat 8-dən burdayam. İndi də saat 12-dir. 4 saat ərzində 1 dənə belə məhsul satmamışam. Dünən də belə idi, sabah da yəqin belə olacaq. Get bir-bir soruş. Bütün bazarda vəziyyət bu cürdür. Qiymətlərə gəlincə, pomidorun 1 kiloqramı 2-5 manat arası, xiyar 4 manat, badımcan 1.5 manat, bibər 2-2.5 manat, kartof 70 qəpik – 1 manat, soğan isə 50-60 qəpikdir. Yəni elə əvvəlki qiymətlər. Bayramla bağlı hansısa xüsusi bahalaşma yoxdur”.

Bazar marketə uduzur

Başqa bir satıcı – Cavad Rüstəmov bildirir ki, insanlar bayram üçün lazım olan ərzaqların çoxunu marketlərdən alır:

“İri supermarketləri bazarların müştərilərini xeyli azaldıb. Mən başa düşə bilmirəm, insanlar niyə kilosu 1 manata olan almanı gedib marketdə 3 manata alır? Əvvəllər həmişə bayramdan əvvəlki həftə bazarda müştəri əlindən tərpənmək olmurdu. İndi elə 3-5 nəfər gəlib maraqlanır, gedir. İnsaf dinin yarısıdır, Bakıda ən ucuz bazar elə bu “Vosmoy” bazarıdır. Kasıb üçün ən sərfəli yer elə buradır”.

Ət satışı ilə məşğul olan Asif Əsədov isə müştəri azlığını başqa cür izah edir. Onun fikrincə, vətəndaşlarda bayram bazarlığı etmək üçün yetərincə imkan yoxdur:

“Əti təkcə bayramda almırlar ki. Həmişə alınan və istifadə olunan məhsuldur. Noyabrda ət ala bilməyən adam, dekabrda, yanvarda necə alacaq?! Bayramda insanlara əlavə pul verirlər?! Hamı istəyər ki, ət yesin, amma almaq üçün imkan yoxdur. Dana ətinin 1 kiloqramı 17-18 manatdır. İnək isə 13-14 manat. Quzu ətini isə 19-20 manata satırıq”.

“Qiymətlər cibə uyğun deyil”

Digər satıcıların da vəziyyətlə bağlı ümumi fikri məhz belədir. Alıcılar isə qiymətlərin ucuz olması ilə razı deyil.

Taksi fəaliyyəti ilə məşğul olduğunu deyən Orxan Mustafayev qiymətlərin aşağı gəlirli vətəndaşlar üçün sərfəli olmadığını dilə gətirir:

“Aylıq gəlirim təxminən 800-1000 manat arası dəyişir. Özüm yeni ailə qurmuşam, 2 nəfərik. Belə baxanda deyərsən ki, gənc ailənin çox da xərci yoxdur. Amma şəxsən mən bayram üçün bir çox meyvəni, tərəvəzi, əsas da əti almağa çətinlik çəkirəm. Mənim ala bilmədiyim şeyi eyni maaşı alan, 2-3 uşağı olan adam necə alsın? Qiymətlər cibə uyğun deyil”.

Sonda bazardakı ümumi qiymətlər

Mənzərə aşağıdakı kimidir:

Meyvələr (1 kiloqramın qiyməti):

Alma – 1-5 manat

Armud – 2.5-5

Banan – 1.5-2

Portağal – 1-1.7

Mandarin – 1-2.5

Nar – 2-3.5

Heyva – 0.7

Ananas – 5

Tərəvəzlər:

Pomidor – 2-10

Xiyar – 4-5

Badımcan – 1.50

Bibər – 2-8

Soğan – 0.5-0.6

Kartof – 0.7-1

Noxud – 3.

Ət və ət məhsulları:

Dana əti – 17-18 manat

İnək əti – 13-14

Quzu əti – 19-20

Toyuq əti – 5-6

Balıq (müxtəlif növ) – 5-8

Quru meyvələr və şirniyyatlar:

Qoz (ləpə) – 15-25 manat, (qabıqlı) – 6-10

Fındıq (ləpə) – 18-30, (qabıqlı) – 8-12

Badam – 12-20, (qabıqlı) – 5-8

Xurma – 6-10

İnnab – 7-9

Müxtəlif meyvə quruları – 10-15

Kişmiş – 8-15 AZN.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
55
yenisabah.az

1Mənbələr