Vaşinqton ştatında baş verən güclü daşqınlardan sonra Sietl hakimiyyəti sakinləri şəhərin kanalizasiya sistemindəki böyük siçovullar barədə xəbərdar edib.
Publika.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Sietl-Kinq İctimai Səhiyyə Departamenti bildirib ki, sel suları ilə gəlmiş siçovullar kanalizasiya boruları vasitəsi ilə evlərə girə bilərlər.
Səlahiyyətlilər həmçinin tualet siçovulları ilə bağlı təlimatlar veriblər. İnsanlardan sakit qalmaları, unitazın qapağını bağlı saxlamaları və tez-tez su buraxmaları istənilib. Gəmiricilər yoxa çıxana qədər yuyucu vasitələri təkrar-təkrar tualetə tökmək tövsiyə olunur.
Qeyd edək ki, dekabr ayında bölgəni bürüyən daşqınlar infrastruktura ciddi ziyan vurub. Mütəxəssislər bunun gəmiricilərin təbii yaşayış mühitinin pozulması və onların sağ qalmaq üçün yeni yollar axtarmağa məcbur olması kimi qiymətləndiriblər.