Ankarada qəzaya uğramış Liviya ordusunun qərargah rəisinin olduğu təyyarənin qara qutusu aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə qəza yerinə baxış keçirmiş Türkiyə DİN rəhbəri Əli Yerlikaya jurnalistlərə açıqlamasında bildirib.
“"Qara qutu" çərşənbə günü yerli vaxtla 03:45-də (Bakı vaxtı ilə 04:45) tapılıb. Hazırda hərtərəfli araşdırma aprılmaqdadır, onun nəticələri yaxın günlərdə məlum olacaq”, - deyə daxili işlər naziri bildirib.
Nazirin sözlərinə görə, Məhəmməd Əl Həddadın göyərtəsində olduğu “Falcon 50” təyyarəsi yerli vaxtla 20:17-də Esenboğan aeroportundan qalxıb. Saat 20:32-də ekipaj üzvləri göyərtədə fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq verərək, geri döndüklərini bildiriblər. 4 dəqiqədən sonra isə təyyarə ilə rabitə kəsilib. Təyyarənin dağıntıları 22:00 (Bakı vaxtı ilə 23:00) Ankara vilayətinin Hayman rayonunun ərazisində tapılıb. Qəzaya uğramış təyyarənin göyərtəsində səkkiz nəfər olub.