Türkiyənin Təhsil Nazirliyi müəllimlərlə bağlı daxil olan çoxsaylı şikayətlərdən sonra araşdırmalara başlayıb.
Publika.az xəbər verir ki, araşdırma şagirdlərlə çəkdikləri videoları sosial şəbəkələrdə paylaşaraq məşhurlaşan müəllimlərlə bağlıdır.
Nazirlik 81 vilayətdən çoxsaylı izləyicisi olan müəllimlərin adları, işlədikləri məktəblər, istifadə etdikləri sosial media platformaları və istifadəçi adları haqqında məlumatların göndərilməsini tələb edib. Bildirilib ki, məqsəd müəllimlərin sosial mediadan istifadəsini əngəlləmək deyil, məktəb və sinif mühitində çəkdikləri videoların istifadəsinin və məktəblərin daxili konfidensiallığının pozulmasının qarşısını almaqdır.
Məlumata görə, sözügedən müəllimlərə qarşı xəbərdarlıqdan işdən çıxarmağa qədər müxtəlif cəzalar tətbiq oluna bilər.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyədə çalışan azərbaycanlı ingilis dili müəllimi Səma İbrahimovanın dərs zamanı geyindiyi geyim sosial şəbəkələrdə müzakirələrə səbəb olub.