AZ

Paşinyana eyham vurdu -ticarətimiz 11-dən 4,3 milyarda düşdü...


Son illərdə Ermənistan-Rusiya ticarətində kəskin artımın əsas səbəblərindən biri reeksport mexanizmi idi. Rusiya Qərb sanksiyaları ilə üzləşəndən sonra bir çox strateji məhsulları birbaşa idxal edə bilmirdi.

Xüsusilə Çin istehsalı olan elektron komponentlər, ikili təyinatlı avadanlıqlar, sənaye çipləri və raket texnologiyasında istifadə edilən mikrosxemlər sanksiya siyahılarında yer alırdı. Bu boşluğu doldurmaq üçün Ermənistan “aralıq ölkə” rolunu oynamağa başladı.

Mexanizm sadə idi: Çin və digər Asiya ölkələrindən alınan məhsullar rəsmi olaraq Ermənistan bazarı üçün idxal edilir, daha sonra isə sənədlər üzərində “mülki təyinatlı” kimi göstərilərək Rusiyaya ötürülürdü. Xüsusilə mikroelektronika sahəsində bu xətt çox aktiv idi. Avtomobil sənayesində, rabitə avadanlıqlarında, pilotsuz uçuş aparatlarında və daha həssas sahələrdə istifadə oluna bilən mikrosxemlər Ermənistan üzərindən Rusiyaya daxil olurdu. Rəsmi statistika baxımından bu, Ermənistanın ixracı kimi görünürdü və ticarət dövriyyəsini süni şəkildə yüksəldirdi. Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi son illərdə sürətlə artıb. 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 5,3 milyard dollar təşkil edib. 2023-cü ildə bu göstərici artaraq 7,3-7,4 milyard dollar səviyyəsinə çatıb. 2024-cü ildə isə ticarət dövriyyəsində kəskin sıçrayış müşahidə olunub və il üzrə göstərici təxminən 11,7-12 milyard dollar civarında qiymətləndirilir. Bu ilin 11 ayında isə iki ölkə arasında ticarət dövriyyəsi, V.Putinin qeyd etdiyi kimi, cəmi 4,3 milyard dollar olub.

Bu vəziyyət uzunmüddətli ola bilməzdi. Avropa İttifaqı və ABŞ getdikcə daha çox Ermənistanın bu tranzit roluna diqqət yetirməyə başladı. Qərb üçün əsas məqsəd Rusiyanın sanksiyalardan yayınma kanallarını bağlamaq idi. Bu kontekstdə Ermənistanla intensiv siyasi və iqtisadi dialoq quruldu. Paşinyan hökumətinə açıq şəkildə mesaj verildi ki, əgər Avropa orbitinə yaxınlaşmaq, maliyyə dəstəyi və siyasi legitimlik qazanmaq istəyirsə, reeksport sxemlərinə son qoymalıdır.

Nəticədə Ermənistan üzərində nəzarət mexanizmləri sərtləşdi. Gömrükdə yoxlamalar artdı, ikili təyinatlı məhsulların ixracına məhdudiyyətlər tətbiq olundu, bank əməliyyatları daha diqqətlə izlənməyə başladı. Bu isə birbaşa olaraq Rusiyaya yönələn Çin mikrosxemləri və texnoloji komponentlərin axınını kəsdi. Rusiya üçün bu, təkcə ticarət itkisi deyil, həm də hərbi-sənaye kompleksi baxımından ciddi problem idi. Çünki həmin mikrosxemlərin bir hissəsi raket sistemlərində, idarəetmə bloklarında və yüksək dəqiqlikli silah texnologiyalarında istifadə olunurdu.

Avropanın Ermənistanı öz orbitinə çəkməsi faktiki olaraq Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi bir “pəncərəni” bağladı. Məhz buna görə də əvvəlki illərdə şişirdilmiş ticarət dövriyyəsi 2025-ci ildə sürətlə azaldı. Bu azalma real istehsalın çökməsi yox, kölgə xarakterli tranzit və reeksport əməliyyatlarının dayanması ilə bağlıdır.

Beləliklə, Rusiya-Ermənistan ticarətindəki kəskin enişin arxasında yalnız iqtisadi deyil, həm də ciddi geosiyasi məzmun dayanır. Ermənistan bir seçim qarşısında qaldı: ya Rusiyanın sanksiyalardan yayınma mexanizminin bir hissəsi olmaq, ya da Qərbin siyasi və iqtisadi dəstəyini qazanmaq. Hazırkı proseslər göstərir ki, rəsmi İrəvan ikinci yolu seçib və bunun nəticəsi olaraq Rusiya ilə ticarət dövriyyəsi sürətlə “normallaşaraq”, real mənzərəni əks etdirən səviyyəyə enib.

Akif NƏSİRLİ

Seçilən
14
baki-xeber.com

1Mənbələr