Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 24 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin tərəqqi və Zəfərə hədəflənən məqsədyönlü siyasəti sayəsində iqtisadi gücü artan, modern ordu quruculuğuna nail olan, regionda lider dövlətə çevrilən və qlobal təsir imkanları genişlənən Azərbaycanın bütün cəbhələrdə - hərb meydanında, beynəlxalq informasiya platformasında və diplomatiya müstəvisində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin - ərazi bütövlüyü və mütləq suverenliyin bərpasına müvəffəq olması xalqımızın şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov “Milli Konstitusiyadan mütləq suverenliyə: Heydər Əliyev dühasının İlham Əliyev zirvəsi” mövzusunda keçirilən tədbirdə söyləyib.
O bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər fonunda nəinki regionda, daha geniş coğrafiyada təşəkkül tapmış yeni reallıqlar ictimai-siyasi sabitliyin və milli birliyin möhkəmləndirilməsini, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını, ölkənin beynəlxalq mövqeyinin daha da gücləndirilməsini zəruri edir.
“Dövlətimizin başçısının, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası da yeni dövrün çağırışlarından irəli gələrək suveren Azərbaycanın milli maraqlarının təmini üçün öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək əzmindədir. Ulu Öndərin tükənməz siyasi irsinə sonsuz ehtiram və sədaqət nümayiş etdirməklə Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan naminə çalışmaq hamımızın ümdə vəzifəsidir. Şübhə yoxdur ki, dövlətimizin başçısının rəhbərliyi ilə görülən işlər ölkəmizə bundan sonra da yeni müvəffəqiyyətlər qazandıracaq, tarixi dəyərlərlə müasir reallıqların vəhdətinə əsaslanan, azərbaycançılıq ideologiyasına və dövlətçilik ideyasına söykənən Ulu Öndər Heydər Əliyev siyasəti Azərbaycana növbəti qələbələri bəxş edəcək”, - deyə Tahir Budaqov vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.