AZ

Berlində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub - FOTOLAR

Azərbaycanın Almaniyadakı səfirliyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində bayram tədbiri təşkil edib.

QHT.az xəbər verir ki, bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək, əlamətdar bayramlar münasibətilə təbriklərini çatdırıb, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli kimliyimizi, tarixi yaddaşımızı və birliyimizi ifadə etdiyini vurğulayıb. Bu ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunduğunu diqqətə çatdıran diplomat, Azərbaycanın öz suverenliyini bütün ərazisində tam təmin etmiş müstəqil və güclü dövlət olduğunu bildirib. “2025-ci il son 224 il ərzində ilk dəfə olaraq Azərbaycan ərazisində heç bir xarici silahlı qüvvənin mövcud olmadığı il kimi tarixə düşdü. Bu da dövlətimizin tam suverenliyinin və müstəqilliyinin bariz göstəricisidir”, - deyə Nəsimi Ağayev xüsusi vurğulayıb.

Bu nailiyyətlərin əsas memarının Prezident İlham Əliyev olduğunu deyən səfir qeyd edib ki, dövlətimizin başçısının uzaqgörən, qətiyyətli və milli maraqlara söykənən siyasəti nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Bu il şanlı Zəfərimizin beşinci ildönümünün də böyük qürur hissi ilə qeyd edildiyini vurğulayan diplomat bu tarixi Qələbənin Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, Azərbaycan xalqının sarsılmaz iradəsinin və ordumuzun qüdrətinin nəticəsi olduğunu diqqətə çatdırıb.

Səfir hazırkı mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın öz yolunda inamla irəlilədiyini qeyd edərək, Almaniyada yaşayan həmyerlilərimizin belə bir dövrdə ölkəmiz haqqında obyektiv məlumatların alman ictimaiyyətinə çatdırılması və milli kimliyimizin qorunub saxlanılması kimi önəmli missiya daşıdıqlarını qeyd edib.

Sonra bayram tədbiri mədəni proqramla davam edib, tanınmış ifaçılar Vüsalə Cabir və Sadıq Ağamalıyev “Nostalji” ansamblının müşayiəti ilə xalq və bəstəkar mahnılarımızı səsləndiriblər.

Almaniyada yaşayan qiraət ustası Naibə Tural şeirlər oxuyaraq, birliyin xalqımız üçün güc mənbəyi, həmrəyliyin isə ən ali dəyərlərdən olduğunu emosional və təsirli şəkildə iştirakçıların diqqətinə çatdırıb.

Sonda bayram süfrəsi açılıb.

Tədbirin qısa videosu:

 

Seçilən
12
3
qht.az

4Mənbələr