Bakı, 24 dekabr, AZƏRTAC
“Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumu işini panel müzakirələrlə davam etdirib.
AZƏRTAC xəbər verir ki, "Multikultural dəyərlər sistemi: dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri” mövzusunda birinci panel müzakirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçib.
Paneldə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Özbəkistan Respublikasının Dini Məsələlər Komitəsinin sədrinin birinci müavini Davronbek Maksudov, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycanda multikulturalizm və tolerantlığın sadəcə hüquqi bir norma olmadığını, cəmiyyətin daxili birliyini və vicdan azadlığını təmin edən qədim bir həyat tərzi olduğunu diqqətə çatdırıblar.
“Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusundakı II panel müzakirənin moderatoru Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa olub. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete və Sabirabad şəhəri “Heydər” məscidinin imam müavini Yusif Bağırov çıxışlarında müasir dövrdə rəqəmsallaşma və süni intellektin inkişafının din haqqında elmi biliklərin çatdırılması və maarifləndirmə üçün yeni imkanlar yaratdığını qeyd ediblər. Diqqətə çatdırılıb ki, Azərbaycanın dünyəvi dəyərləri çərçivəsində gənclərin virtual dünyanın risklərindən qorunması üçün təhsil metodikasının yenilənməsi və informasiyanın daha anlaşıqlı formatlarda təqdim olunması zəruridir. Cəmiyyətdəki multikultural mühit və dinlərarası dialoq bu texnoloji çağırışlara qarşı mənəvi və elmi bir dayaq rolunu oynayır.
“Qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi: müasir metod və innovativ yanaşmalar” mövzusuna həsr olunan üçüncü panel müzakirəyə Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev moderatorluq edib.
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev müasir dövrdə fasiləsiz və nəzarətsiz informasiya axınının gənclərin dəyərlər sisteminin formalaşmasına mənfi təsir göstərdiyi üçün dini maarifləndirmədə yeni, interaktiv metodların tətbiqi və ailənin istiqamətləndirici rolunun zəruriliyindən danışıblar. Bildirilib ki, Azərbaycanda mövcud olan güclü dialoq mühiti və sağlam din-dövlət münasibətləri münaqişələrin qarşısını alan effektiv bir model rolunu oynayır.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın moderatorluğu ilə keçirilən “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” mövzusundakı paneldə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, AMEA-nın müxbir üzvü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai şuranın üzvü Könül Bünyadzadə çıxış ediblər.
Çıxışçılar Azərbaycanın qadın siyasətinin həm müasir qanunvericilik bazasına, həm də İslam dininin qadına verdiyi yüksək dəyər və mənəvi prinsiplərə əsaslanaraq uğurla inkişaf etdirildiyini qeyd ediblər. Diqqətə çatdırılıb ki, qadınlar cəmiyyətin mənəvi təkamülündə, dini biliklərin öyrənilməsində və ailə institutunun qorunmasında yaradıcı qüvvə kimi mühüm rol oynayırlar. Natiqlər həmçinin bildiriblər ki, erkən nikahlar kimi aktual problemlərin və kənar mənfi təsirlərin qarşısının alınması üçün həm dövlətin ardıcıl islahatları, həm də cəmiyyətin məsuliyyətli və aktiv iştirakı zəruridir.
Panellər müzakirələrlə davam etdirilib.