Rusiya Azərbaycan vasitəsilə Ermənistana göndərilən malların çeşidini genişləndirməyi nəzərdən keçirir.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Rossiya 24” telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, hazırda taxılla yanaşı, mineral gübrələrin tədarükü imkanları, eləcə də əks istiqamətdə – Ermənistandan Rusiyaya yüklərin geri daşınmasının təşkili müzakirə olunur.
Aleksey Overçuk bildirib ki, bu yaxınlarda mühüm bir hadisə baş verib: “Rusiya taxılını daşıyan ilk qatar Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Bu, 30 ildən artıq müddətdə ilk dəfədir və Ermənistanla Azərbaycanın müstəqillik qazandıqdan sonra taxıl daşıyan qatarın bu marşrutla hərəkəti ilk dəfə baş tutur”.
Baş nazirin müavini qeyd edib ki, hazırda sözügedən nəqliyyat dəhlizindən digər növ yüklərin, o cümlədən mineral gübrələrin daşınması imkanları araşdırılır. O, həmçinin xatırladıb ki, yaxın vaxtlarda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan qatar da göndərilib.
Overçukun sözlərinə görə, bir müddət əvvələ qədər bu cür addımlar real görünməsə də, hazırda praktiki əhəmiyyət kəsb etməyə başlayıb. \\Yeniavaz.com