AZ

Avropa Komissiyası ABŞ-ın bəzi Aİ vətəndaşlarına səyahət məhdudiyyəti tətbiq etməsini pisləyib

Berlin, 24 dekabr, AZƏRTAC

Avropa Komissiyası ABŞ-ın beş Avropa vətəndaşına, o cümlədən keçmiş komissar Tyerri Bretona səyahət məhdudiyyətləri tətbiq etmək qərarını qətiyyətlə pisləyib.

AZƏRTAC xəbər verir ki, Komissiyanın bu barədə bəyanatında ifadə azadlığının Avropada fundamental hüquq olduğu və Birləşmiş Ştatlar da daxil olmaqla demokratik dünya üzrə əsas ortaq dəyər olduğu vurğulanıb.

Qeyd olunub ki, Aİ açıq, qaydalara əsaslanan vahid bazardır və öz suveren hüququ əsasında iqtisadi fəaliyyəti demokratik dəyərlər və beynəlxalq öhdəliklər çərçivəsində tənzimləmək haqqına malikdir.

“Rəqəmsal qaydalarımız bütün şirkətlər üçün təhlükəsiz, ədalətli və bərabər rəqabət mühiti təmin edir və bunlar ədalətli və ayrı-seçkiliksiz tətbiq olunur. Biz ABŞ səlahiyyətlilərindən izahat tələb etmişik və əlaqələrimizi davam etdiririk. Lazım gələrsə, əsassız tədbirlərə qarşı tənzimləmə haqqımızı qorumaq üçün sürətli və qətiyyətli şəkildə cavab verəcəyik”, - deyə bəyanatda bildirilib.

 
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
72
3
azertag.az

4Mənbələr