AZ

Azərbaycanı Zəfərdən Zəfərə aparan Lider

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 24-də Azərbaycan xalqı qalib Liederinin – Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününü böyük sevgi, minnətdarlıq hissilə qeyd edir. Xalqımız öz sərkərdəsinin həyatını, fəaliyyətini diqqətlə izləyir və təhlil edir. Azərbaycanın Prezidenti öz dövləti və xalqı üçün nəyi ifadə edir?..

Prezident İlham Əliyev ölkəyə rəhbər seçildiyi ilk gündən Azərbaycanı dünyanın ən güclü dövlətlərindən birinə çevirəcəyinə söz verdi və bunun üçün bütün gücünü səfərbər edəcəyini söylədi. Ulu Öndərin özü qədər inandığı Müzəffər Ali Baş Komandan 44 günlük savaşda ölkə ictimaiyyəti qarşısında verdiyi sözü tutmaqla, həm də ata vəsiyyətini böyük qürur və ləyaqət hissi ilə icra etmiş oldu. Heç şübhəsiz, Azərbaycan xalqının özünə rəhbər seçdiyi Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı dövlətimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində atdığı hər bir addımla – ictimai, siyasi, diplomatik gedişləri ilə imperialist güclərin erməni maşası ilə 200 illik tarixin müəyyən mərhələlərində ölkəmizə qarşı apardığı işğal, istila, deportasiya, qətliamlar, bir sözlə, bütün zülmlərin damarını kəsdi və bu xalqın, bu dövlətin bir daha ədalətsizliyə boyun əyməyəcəyini dünyaya bəyan etdi. Bu xalq rəhbərini öz sözünü tutan, onu xarici təhlükələrdən qoruyan, beynəlxalq platformalarda, arenalarda cəsarətlə haqqını tələb edən bir lider kimi görür və inanır.

Prezidentin ölkəmizə qarşı yönələn qərəzli dalğaların içərisində dayanaraq, nəyi, necə, nə vaxt edəcəyini bildiyini deməsi və bu kəlamın ictimai-siyasi sferada bir trend olduğu əbəs deyildir.

İti zəkaya sahib olan dövlət rəhbəri məhz, ilk növbədə, daxili sabitliyi təmin edərək, xalqımızı milli hədəflərə, ideallara çatmaq naminə öz ətrafında daha sıx birləşdirməyi bacardı, xalqın özünəinamını yenidən yaratdı. Müdrik strateq, praqmatik lider olan Prezident İlham Əliyev dövlətin davamlı inkişafını və təhlükəsizliyini uğurla təmin etməyi bacardı.

Son 200 il ərzində ilk dəfə olaraq Ermənistanın işğalçı qüvvələri Azərbaycan torpaqlarından tamamilə çıxarıldı. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı 300-dən artıq yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Şuşa şəhərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın azad olunması müharibənin taleyini həll edən əsas məqam oldu və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur qaldı. Şuşanın işğaldan azad edildiyi gün Prezident İlham Əliyev tərəfindən tariximizə Zəfər Günü kimi həkk olundu. Azərbaycan, Rusiya liderləri və Ermənistanın Baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən isə Kəlbəcər, Ağdam və Laçın rayonları danışıqlar yolu ilə Azərbaycana qaytarıldı.

Prezidentimizin rəhbərliyi altında Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının illərdir, yerinə yetirilməyən dörd qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı qısa müddətdə azad etdi. Beləliklə, Vətən müharibəsi 10 noyabrda tarixi Qələbə ilə başa çatdı və Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Prezident İlham Əliyev düşmənlər üzərində qazanılan Zəfərin Memarı kimi  Azərbaycanın tarixinə qızıl imzasını atdı.

Tarixi faktlara əsasən söyləməliyik ki, Qərbi Zəngəzurun vaxtilə Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi türk dünyasının coğrafi baxımdan parçalanmasına səbəb olmuşdu. Prezident İlham Əliyev bu tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində mühüm addımlar ataraq, Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən nəqliyyat yolunun açılması ilə bağlı razılaşmaya nail oldu.

Şübhəsiz, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu şaddır. Prezident İlham Əliyev dahi Heydər Əliyev dövlətçilik məktəbinin yetirməsidir. O, bu böyük siyasi məktəbdə məğlubedilməzlik dərsi almış, dövlət idarəçiliyinin və siyasi strategiyanın bütün incəliklərinə dərindən yiyələnmişdir.

Azərbaycan qonşu ölkələrlə balanslaşdırılmış və praqmatik xarici siyasət yürüdür. Azərbaycan–Türkiyə münasibətləri “bir millət, iki dövlət” prinsipi əsasında uğurla inkişaf edir və bunun bariz nümunəsi qardaş Türkiyənin Vətən müharibəsi dövründə ölkəmizə göstərdiyi yüksək mənəvi və siyasi dəstəyi qeyd etmək olar.

Prezidentimizin uğurlu xarici siyasəti nəticəsində Vətən müharibəsi zamanı Türkiyə, Pakistan, Əfqanıstan və bir sıra digər ölkələr Azərbaycana açıq mənəvi-siyasi dəstək göstərdilər. Qoşulmama Hərəkatı da ilk gündən ölkəmizin yanında oldu.

2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu fakt ölkəmizin beynəlxalq nüfuzunun bariz göstəricisidir. Azərbaycan milli maraqlara əsaslanan, praqmatik və çevik xarici siyasət həyata keçirir. Bu siyasət sürətlə dəyişən dünyada ölkəmiz üçün həyati əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev müasir, çevik və strateji düşüncəyə malik dövlət xadimi kimi qlobal prosesləri dəqiq qiymətləndirir, beynəlxalq münasibətlərdə baş verən dəyişikliklərdən Azərbaycan xalqının və dövlətinin xeyrinə ustalıqla istifadə edir, ölkəni gözlənilən və gözlənilməz çağırışlardan qoruyur.

Dünya tarixində nadir hallarda rast gəlinir ki, bir lider cəmiyyətin görmək istədiyi bütün keyfiyyətləri — güclü siyasi lider, mahir sərkərdə, bacarıqlı diplomat, çevik idarəçi və qurucu rəhbər obrazını özündə bu qədər aydın şəkildə birləşdirsin. Azərbaycan cəmiyyəti və dünya bu liderlik keyfiyyətlərinin şahidi 44 günlük Vətən müharibəsi zamanı oldu.

Məhz Prezident İlham Əliyev Azərbaycan tarixində bütün sosial təbəqələri vahid məqsəd ətrafında birləşdirərək, cəmiyyəti yumruq kimi toparlamağa nail oldu. Bu birlik onun liderlik gücünün ən parlaq göstəricisidir. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hələ çox qələbələrə və uğurlara imza atacaq.

Azərbaycan xalqı zəfər qazanmış xalq, Azərbaycan dövləti isə qalib dövlət kimi yaşayır. Biz bu statusu əbədi qoruyacağıq. Bu tarixi haqqı bizə qaytaran Ali Baş Komandanımıza, qəhrəman Azərbaycan Ordusuna və müdrik xalqımıza sonsuz minnətdarlıq borcumuz var.

Qürurla deyirik: rəhbərimizə, qəhrəman ordumuza və səbirli xalqımıza eşq olsun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Bu günü bizə yaşadan Ali Baş Komandan, doğum gününüz mübarək!

Tahirə Qafarlı

Seçilən
35
hafta.az

1Mənbələr