Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.
APA xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına kompleksdə yaradılmış şərait barədə məlumat verdi.
Bildirildi ki, ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var. Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.
Binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yerüstü və 1218 yerlik yeraltı avtomobil dayanacaqları yaradılıb.
Qeyd edək ki, dövlətimizin başçısı bu kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikinti işlərinin gedişi ilə tanış olublar.
Qarabağın və Şərqi Zəngəzurun bərpasında əsas prinsip müasir standartlara uyğun məntəqələrin qurulması ilə keçmiş məcburi köçkünlərin rahat yaşayışını təmin etməkdən ibarətdir. Bununla yanaşı, sosial infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzində saxlanılır. İşğaldan azad edilmiş ərazilərimizdə müasir məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir, məşğulluğun təmin olunması üçün sənaye parkları, müxtəlif istehsal müəssisələri, xidmət sahələri yaradılır. Bütün bu tədbirlər Qarabağın və Şərqi Zəngəzurun qısa müddətdə dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və bölgənin sürətli inkişafına xidmət edir.
x x x
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə köçən sakinlərlə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Mən sizi ürəkdən salamlayıram. Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Uzun fasilədən sonra ağdamlılar öz doğma şəhərinə qayıdırlar. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, burada siz rahat yaşayacaqsınız, əmin-amanlıq şəraitində yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər köçkün həyatını yaşamış insanlar üçün bu gün Ağdam şəhərində və işğaldan azad edilmiş bütün başqa ərazilərdə yeni, müasir şəhərlər, kəndlər, qəsəbələr salınır və artıq “Böyük Qayıdış” Proqramının əyani təzahürlərini hər kəs görə bilir.
İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmışdır. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi. Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində satılmışdır. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır.
Əminəm, bütün xalqımız, o cümlədən keçmiş köçkünlər bilirdilər və inanırdılar ki, tarixi ədalət bərpa ediləcək. Halbuki Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan, hər halda beynəlxalq təşkilatlar tərəfindən bu vəzifəni icra etməli olan qurumlar başqa fikirdə idi. Onlar Ermənistan dövləti ilə, işğalçı, talançı dövlətlə həmrəy idilər. Xüsusilə ATƏT-in Minsk qrupunun yarıtmaz və anti-Azərbaycan fəaliyyətini qeyd etmək istərdim. Bu qrup 1992-ci ildə yaradılmışdır və o vaxt bizim torpaqlarımızın işğal altına düşməsinin birinci mərhələsi idi. Bu qrupun və onun həmsədrlərinin məqsədi məsələni həll etmək əvəzinə, əksinə, bu işğalı əbədi etmək, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini isə işğalla barışdırmaq idi. Mən 17 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmasda olmuşam, onlarla çoxsaylı görüşlər keçirmişəm. Hər dəfə görüşəndə illər keçdikcə görürdüm ki, bunların məqsədi məsələni həll etmək, işğala son qoymaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına nail olmaq yox, işğalı əbədi etmək idi. Sanki danışıqlar masasında bir tərəfdə Ermənistan və Minsk qrupunun həmsədrləri, digər tərəfdə isə Azərbaycan idi. Bax, bu 17 il ərzində keçirdiyim saysız-hesabsız görüşlərin nəticəsi budur. Hesab edirdilər ki, buna nail olacaqlar. Hesab edirdilər ki, bizi inandırmağa nail olacaqlar ki, biz öz əzəli torpaqlarımızdan əl çəkək. Ancaq yenə də Ermənistan dövləti kimi səhv etdilər. Mən işğal dövründə dəfələrlə demişdim ki, xalqımız və dövlətimiz heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarını qaytaracaq. Bunu Prezident kimi fəaliyyətə başladığım ilk dəqiqələrdə - birinci andiçmə mərasimindəki çıxışımda və ondan sonrakı dövrdə bildirmişəm. Bu illər ərzində biz bir məqsəd ətrafında birləşmişdik ki, bir nöqtəyə vuraraq xalqımız bu müqəddəs missiyanı yerinə yetirsin.
Beş il bundan əvvəl şanlı İkinci Qarabağ müharibəsi və onun nəticələri haqq-ədaləti bərpa etdi, bizim hüquqlarımızı bərpa etdi, beynəlxalq hüququ bərpa etdi, bizim milli ləyaqətimizi bərpa etdi. Xalqımız qan tökərək öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan dövləti bir qarış, bir santimetr torpaq qaytarmaq fikrində deyildi. Ermənistanın bütün rəhbərləri, müstəqillik illərində Ermənistana rəhbərlik edən bütün şəxslər bir qarış torpaq qaytarmaq fikrində deyildilər. Biz onları məcbur etdik və xalqımız bütün dünyaya öz gücünü, qüdrətini, güclü iradəsini göstərmişdir. Xalq yumruq kimi birləşdi. Silahlı Qüvvələrimiz qəhrəmanlıq, fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq. Bu günlər bu gün Xankəndidə açdığım Zəfər tağının pilləkənlərində də əks olunub. Əminəm ki, oraya da siz və bütün Azərbaycan vətəndaşları gedəcəklər, ziyarət edəcəklər. Bu gün ölkəmizdə ikinci Zəfər tağı açılmışdır - Bakıdan sonra Xankəndidə. Orada pilləkənlərin üzərində şanlı Zəfər yürüşümüzün hər günü təsbit edilib. Biz hər gün irəli gedirdik, hər gün şəhər və kəndləri azad edirdik və heç bir qüvvə bizim qabağımızda dura bilməzdi. Halbuki bizi 44 gün ərzində dəfələrlə dayandırmaq istəyənlər min cür təzyiq, təhdid və təxribat törətməyə çalışırdılar və hətta törədirdilər. Bizi qorxutmaq, bizi dayandırmaq, bizim şanlı Zəfər yürüşümüzü yarımçıq qoymaq və münaqişəni əbədi etmək – bax, bizə qarşı olan qüvvələrin məqsədi bu idi. Təbii ki, 5 il keçəndən və biz 2023-cü ildə öz suverenliyimizi antiterror əməliyyatı nəticəsində tam bərpa edəndən sonra artıq bizə qarşı olan qüvvələr yeni reallıqla barışmağa məcbur idilər, biz onları məcbur etdik. O cümlədən bizim Qələbəmizi qəbul etməyənlər, bunu həzm edə bilməyənlər, ermənipərəst qüvvələr məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular. Ermənistan dövləti bu vəziyyətlə barışmalı oldu. Vaxtilə buradan uzaqda olmayan Xankəndi şəhərinin stadionunda “Qarabağ Ermənistandır və nöqtə” deyənlər “Qarabağ Azərbaycandır!” deməyə məcbur oldular. Yəni öz xoşu ilə yox, məcbur edən də biz olduq - xalqımız, dövlətimiz. Yəni bu tarixi biz heç vaxt unutmamalıyıq. O acı günləri yaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsil unutmamalıdır. Bundan sonra gələn nəsillər, gələcək nəsillər unutmamalıdır, bilməlidir. Bu tarix həm məktəblərdə, həm ali məktəblərdə, ailələrdə əzbər olmalıdır. Yəni bu, bizim şanlı Zəfərimizdir. Eyni zamanda, bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq.
Biz bilirik bizim dostumuz kim olub, düşmənlərimiz kim olub. Əfsuslar olsun ki, düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub. Amma bu gün bizim güclü iradəmiz, siyasi addımlarımız, Silahlı Qüvvələrimizin güclü olması artıq tamamilə yeni mənzərəni ortaya qoyur. Beş il bundan əvvəl döyüş meydanında qazandığımız Qələbəni biz 2 il bundan əvvəl antiterror əməliyyatı nəticəsində tam əldə etdik. Ondan sonra keçən 2 il ərzində bütün beynəlxalq təşkilatlarda bunu təsdiqlədik. Mənfur Minsk qrupunun tarixin arxivinə göndərilməsi də məhz bizim təkidimizlə olmuşdur. Bu ayın əvvəlində Minsk qrupu və ona bağlı olan bütün təsisatlar rəsmən ləğv edildi. Bu da bizim tələbimiz idi və Ermənistan tərəfi demək olar ki, 5 il ərzində buna müqavimət göstərirdi. Ancaq yenə də deyə bilərəm ki, bizim iradəmizin qarşısında heç kim dura bilməz.
Bugünkü yeni reallıqlar dünyanın aparıcı ölkəsinin Prezidentinin iştirakı ilə avqust ayında təsdiqləndi, möhürləndi. Bizim Qələbəmizin çox böyük və güclü möhürü də vuruldu, onunla da separatçılığın, bizə qarşı ərazi iddialarının, anti-Azərbaycan qüvvələrinin bizə qarşı açıq “soyuq savaşı”nın artıq sonu gəldi, separatçılığın kitabı bağlandı və Azərbaycan xalqı artıq bir neçə aydır ki, sülh içində yaşayır.
Bizim xalqımız böyük fəlakətlə üz-üzə qalmışdı. Bilmirəm, dünyada buna oxşar ədalətsizliklə üzləşən xalqlar var, yoxsa yox, - bəlkə də var, - amma son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik. Çünki torpaqlarımız işğal altına düşdü. Belə hallar dünyada var. Biz nə birinci idik, nə də sonuncu. Amma bütün belə hallar olduğu vaxtda beynəlxalq təşkilatlar, böyük dövlətlər və müxtəlif ölkələrin siyasi dairələri bu işğalı qınayır, işğalçını məcbur etmək üçün müxtəlif üsullardan istifadə edir, sanksiyalar tətbiq edir. Bunu biz görürük, indi yaxın tariximiz bunu göstərir. Ermənistan-Azərbaycan müharibəsi zamanı və müharibədən sonra atəşkəs dövründə beynəlxalq təşkilatlar düzgün qərar qəbul etsələr də, bu qərarların icrası üçün bir addım belə atmayıblar. Bax, bu təşkilatların, böyük dövlətlərin riyakarlığı, necə deyərlər, özünü burada bariz şəkildə göstərir. Bizi işğalla barışdırmaq böyük dövlətlərin əsas vəzifəsi idi. Bizim yanımızda olan tək ölkə Türkiyə idi. Buna görə biz türk qardaşlarımıza minnətdarıq, həm işğal dövründə, həm müharibə dövründə bizə daim siyasi və mənəvi dəstək vermişdir.
Müsəlman ölkələri. Onlar İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bizim təkliflərimizə həmişə müsbət reaksiya verərək, lazım olan qərar və qətnamələri qəbul etmişdilər. Ancaq bütövlükdə götürəndə bizim müharibəmiz və işğal tariximiz bütün başqa, buna oxşar hadisələrdən fərqlənir. Çünki yenə də deyirəm, işğalçıya qarşı heç bir sanksiya tətbiq olunmadı. Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Əlbəttə ki, sanksiyaların da böyük təsiri var. Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdi, özü də bir milyon dollarlıq yox, milyardlarla dollar dəyərində. Bizim həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı nəticəsində Ermənistandan qənimət kimi götürdüyümüz və məhv etdiyimiz silahların pul dəyəri təqribən 5-6 milyard dollardır. Bunların dağılmış bəzi nümunələri Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, o cümlədən “İsgəndər M” ballistik raketi, hansı ki, ümumiyyətlə, Ermənistanda olmamalı idi. Çünki “İsgəndər M” raketinin ixracı qadağandır. Əgər belə demək mümkündürsə, ixraca açıq olan “İsgəndər E”, yəni eksport növüdür. “İsgəndər M” raketi necə Şuşaya zərbə endirdi? Elə bu, böyük sualdır. Yəni pulsuz silah, maliyyə yardımı. Hər il Amerikada, Fransada marafonlar keçirilirdi. Separatçılar, separatçı liderlər, - hansılar ki, bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər, - oraya vizalar alırdılar. Necə ola bilər? Minsk qrupunun həmsədr ölkələrinə separatçılar necə gedə bilərdilər? Axı digər separatçı ərazilər də var. Onlara Amerikaya, yaxud da ki, Fransaya kimsə viza verə bilər? Gedin, baxın, bu gün nə qədər separatçı inzibati ərazi var?! Ukrayna ərazisində, Moldova ərazisində, Gürcüstan ərazisində separatçı yuvalar var. Onların rəhbərlərinə Amerika, Fransa, Avropa ölkələri viza verə bilər? Yox. Amma erməni separatçılarına niyə vizalar verilirdi? Yəni dediyim sözün bir təsdiqi də budur. Onlar telemarafonlar keçirirdi, 100 milyonlarla dollar pul yığırdılar. Onlara gizli mənbələrdən də pul ötürülürdü, bir məqsədlə ki, bu torpaqları əbədi işğal altında saxlasın, Azərbaycan xalqına divan tutsun, bu şəhər və kəndləri daim nəzarət altında saxlasın. Bax, görün biz kimlərlə kəllə-kəllə getmişik. Biz görün Ermənistana olan hansı dəstəyin fonunda İkinci Qarabağ müharibəsində Qələbə qazanmışıq. Yəni, ona görə bütün bunlar, necə deyərlər, həm düzgün çatdırılmalıdır, həm də bizim təhsil müəssisələrimizdə, ictimai məkanda dəqiq təqdim edilməlidir, yəni bu unudulmamalıdır və biz də heç vaxt unutmamalıyıq.
Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik. Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq. Çünki bu tarixi yaddaş həmişə bizim qəlbimizdə olmalıdır. Şəhidlərin əziz xatirəsi həmişə qəlbimizdə yaşamalıdır və heç vaxt şirin sözlərə uymamalıyıq. Bax, bunu mən bir də deyirəm. Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik.
Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm - Kəngərli, Sarıcalı, Xıdırlı. Orada indi bir neçə min insan yaşayır və bu köç prosesi davam edir. Bu gün Ağdam şəhərində artıq insanlar yerləşir və bu yaşayış məhəlləsindəki 1268 mənzildə ağdamlılar yerləşəcək. Daha iki məhəllədə inşaat işləri gedir. Təkcə bu məhəllədə 60 çoxmərtəbəli bina var. Bütün şərait yaradılıb, infrastruktur qurulub və burada rahat yaşamaq üçün bütün imkanlar var. Təbii ki, Ağdam şəhərinin tam istədiyimiz kimi qurulması zaman tələb edir.
Onu da hər kəs yaxşı bilir ki, təkcə Ağdamda deyil, azad edilmiş bütün başqa ərazilərdə genişmiqyaslı quruculuq işləri gedir, “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Ağdam rayonunda isə artıq bir neçə önəmli infrastruktur obyekti, mədəni obyekt istismara verilmişdir. Mən dünən Ağdam Sənaye Məhəlləsində yeni müəssisələrlə tanış olmuşam. Artıq 30-dan çox rezident qeydə alınıb. Onların bəziləri fəaliyyətə başlayıb, bəziləri isə yaxın gələcəkdə fəaliyyətə başlayacaq. Ağdam ölkəmizin böyük sənaye şəhəri olacaq. Bakı, Sumqayıt və Gəncədən sonra yəqin ki, dördüncü sənaye mərkəzi olacaq.
Burada nəqliyyatla bağlı məsələlər həll olunur. Birinci layihə Bərdə-Ağdam avtomobil yolu, Bərdə-Ağdam dəmir yolu olmuşdur. Dəmiryol vağzalı istismara verilmişdir. Hazırda biz vaxtilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Ağdam-Хаnkəndi dəmir yolunun inşası ilə məşğuluq.
Sakinlər: Allah rəhmət eləsin.
Prezident İlham Əliyev: Allah ölənlərinizə rəhmət eləsin. Bu dəmir yolunu da biz yenidən qururuq. Ağdam Cümə məscidi birinci bərpa olunan tarixi-dini abidəmizdir. Qiyaslı məscidi, - hansı ki, tamamilə dağıdılmışdır və orada da Ağdam Cümə məscidi kimi Ermənistan dövləti bütün müsəlmanları təhqir etmək üçün heyvan saxlayırdı, - o da açıldı. Suvarma işləri öz həllini tapır. Xaçınçay su anbarı yenidən quruldu. Həm Ağdam üçün, həm də bütün ölkəmiz üçün vacib olan mədəni digər abidə “İmarət” kompleksidir. O da tamamilə bərpa edildi. Natəvanın ermənilər tərəfindən dağıdılmış heykəlinin eynisi qoyuldu. Məktəb istifadəyə verilmişdir. Çox gözəl, böyük məktəb, Muğam Mərkəzi, iki mehmanxana. Yəni o qədər işlər görülüb ki, bəlkə də hansılarısa mən unutmuşam. Amma yəni hər şey göz qabağındadır. Bütün bunlar da cəmi 5 il ərzində yaradılıb. Yəni, bilirsiniz o nəyi göstərir? Təkcə söhbət ondan getmir ki, biz proqram qəbul etmişik və təbii ki, nəzarət var. Mən də dəfələrlə azad edilmiş ərazilərə gedərkən özüm şəxsən nəzarət edirəm. Söhbət ondan gedir ki, bütün xalqımız bu işləri böyük həvəslə görür. Əgər bu amil olmasaydı, biz qısa müddət ərzində bu qədər işi görə bilməzdik. Məsələn, dünən Xankəndidə Qarabağ Universitetinin yeni korpusunun açılışında idim. Tamamilə sıfırdan tikilmiş yeni, gözəl binadır. Maraqlanıram ki, burada yeni tədris prosesi necə gedir? Tələbələr, müəllimlər. Müəllimlərin bəziləri xaricdən, bəziləri isə Azərbaycanın müxtəlif yerlərindən gəlir dərs deməyə. Mən maraqlanıram ki, bəs motivasiya nədir? Onları nə cəlb edir? Mənə deyirlər ki, Qarabağ cəlb edir bizi.
Bir daha sizi təbrik edirəm, cansağlığı arzulayıram.
X X X
Sonra sakinlər çıxış etdilər.
Birinci kişi sakin: Cənab Prezident, bu gün Ağdam camaatı üçün ikiqat bayramdır. Həm Sizin doğum gününüzdür, həm də Ağdam şəhərinin açılışı günüdür. Siz prezidentlik dövrünüzdə nə söz vermişdinizsə, onun hamısını vaxtında yerinə yetirdiniz və bizi 30 illik Ağdam həsrətindən qurtardınız. Allah Sizə uzun ömür, cansağlığı versin. Mən bir ziyalı, bir şəhid atası və Qarabağ veteranı kimi öz adımdan, bütün ağdamlılar adından Sizə uzun ömür, cansağlığı, fəaliyyətinizdə uğurlar arzu edirəm. Sağ olun, Allah Sizə ömür versin.
Prezident İlham Əliyev: Sağ olun.
Birinci qadın sakin: Salam, əziz Prezident, xoş gəldiniz, Mehriban xanım. Sizi həmişə xalqın arasında görmək bizim üçün böyük fəxrdir, bizi çox sevindirir, qürur verir. Ağdamlılar adından Sizi təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq.
İkinci qadın sakin: Yüz yaşayasan.
Prezident İlham Əliyev: Sağ olun.
Birinci qadın sakin: Bizə qürur verir ki, Siz həmişə xalqın arasındasınız. Çox sağ olun, var olun. Sizə təşəkkür edirik ağdamlılar adından. Milli Qəhrəmanımız Allahverdi Bağırovun həyat yoldaşıyam. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun.
İkinci kişi sakin: Mən də təqdimat edim: ruhani şair, Ağdamdan din xadimi Hacı Fərman Azançı. Cənab Prezident, əvvəla sizlərin üzərinə Allahın salamı, rəhməti və bərəkəti olsun ki, bu gün o qədər bizim ürəyimiz açılıb ki, Quzanlıdan bu gün buraya gələndə and olsun Allaha, elə bilirdik ki, Kəbəni ziyarət eləməyə gəlirik. Ağdam bizim Kəbəmiz, qibləgahımızdır. Bu gün bütün bunları bizə bəxş edən Siz, Sizin Müzəffər, Qalib Ordunuz, şəhidlərimiz, döyüşən oğlanlarımızdır. Allah, Xudavəndi Aləm sizlərdən razı olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Mən nəyi demək istəyirəm, bayaq Ağdam məscidinin adını çəkdiniz. Mənim yadıma nə düşdü: mənfur ermənilər orada donuz saxlayırdılar. Siz gəldiniz, oranı bərpa etdiniz. Bu gün həmin məsciddən azan səsləri ucalır, insanları doğruluğa, dürüstlüyə, Allaha doğru ibadətə, itaətə dəvət edir. Siz o məscidin qarşısında durdunuz və dediniz ki, “Qarabağ Azərbaycandır!”. Bu, elə-belə məsələ deyil. Ondan əlavə, bu gün Ağdam dirçəlir. Beş il müddətində sıfırdan o qədər işlər görülüb ki, təsəvvür edin, bu boyda binalar, məktəblər Ağdamın rəmzləri olubdur. Biz ağdamlıların ürəyində nisgil idi, yaşamışıq bunu. Təsəvvür edin, İmarət kompleksi, Çay evi, - göstəriş vermisiniz ora bərpa olunur, - Ağdamın simvollarından Çörək muzeyi, mədəniyyət evimiz, bir nömrəli məktəbimiz... İnşallah, onlar da bərpa olunacaqdır. Yəni, bütün bunların həyata keçməyi Sizin əməyinizdir. Mən Ağdamın özündənəm. Bizim uşaqlığımız bu yerlərdə keçibdir. Bu gün bizi o günlərə qaytarmaq, bizə sevinc bəxş etmək elə-belə məsələ deyil. Biz Sizə 210 minlik ağdamlılar adından ürəkdən təşəkkür edirik. Allah Sizdən razı olsun, Allah Sizi var eləsin!
Prezident İlham Əliyev: Sağ olun.
Üçüncü qadın sakin: Bu gün biz buraya yığışmışıq. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizə Allah kömək olsun. Allah Sizə də cansağlığı versin. Ad gününüzü təbrik edirəm, cənab Prezidentimiz, başınıza dönüm Sizin. Yüz yaşayasan!
Bu gün 83 yaşımda, - yəqin yadınızda olar, o vaxt çəkiliş olanda 79 yaşım var idi, indi 83 yaşımın içindəyəm, - burada, bu torpağın üstündə Sizinlə birlikdə, bütün xalqımla birlikdə durmağı Allah-taala mənə nəsib etdiyinə görə çox şadam. Çox şükür, o açar təkcə evimin açarı deyil, o torpağımızın açarıdır, qızıl açardır. Çox şadam, Allah Sizi var eləsin, canınız sağ olsun. O vaxt Allah-taaladan möhlət arzuladım ki, torpağımızın alınması münasibətilə gəlim, burada Sizə, Mehriban xanıma təşəkkürümü bildirim.
Cənab Prezident, 24 dekabr - bu gün Sizin ad gününüzdür. Öz ad gününüzdə burada bizimləsiniz. Biz Sizi ürəkdən təbrik edirik. Sizə gözəl günlər arzulayırıq. Allah razı olsun Sizlərdən.
Prezident İlham Əliyev: Sağ olun.
Üçüncü kişi sakin: Çox hörmətli Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev, Azərbaycanın çox hörmətli birinci xanımı, vitse-prezidentimiz Mehriban xanım, çox xoş gəlmisiniz. Gələn qədəmləriniz mübarək olsun, sağlam olasınız, gümrah olasınız. Ağdam torpağına 32 il idi həsrət idik. Hər dəfə Sizinlə görüşdə deyirdiniz ki, Maarif, arxayın ol, mən o torpaqları işğaldan azad edib sizi oraya aparacağam. Həqiqətən elə də oldu. Şəxsən mənim və bütün ağdamlıların bu gün o qədər yüksək səviyyədə sevinci var ki, adam bilmir, nədən başlasın, nədə qurtarsın. Bu gün Sizin doğum gününüzdür. Mən hər ikinizi, sizin övladlarınızı təbrik edirəm. Doğum gününüz münasibətilə Sizə sağlam ömür, uğurlar arzu edirəm. Allah Sizi qorusun.
Bir də demək istəyirəm, cənab Prezident, uzun illərin təcrübəsində görmüşəm ki, İlahinin yaratdığı sevimli bəndəsi xeyirxah işlərlə məşğul olur - körpüsü olmayan yollara körpü salır, yolu olmayan yerlərə yol, işığı olmayan şəhərə işıq çəkir, suyu olmayan yerlərə su çəkir, evi olmayan adamların hamısına ev tikir, yardım edir. Bunların hamısı hər ikinizdə var - həm Prezident İlham Əliyevdə, həm də Azərbaycanın birinci xanımı Mehriban xanımda. Ona görə ki, Siz Ulu Öndərimiz Heydər Əliyevin övladısınız və onun tapşırığı, varisliyi ilə Azərbaycanı həmişə qoruyursunuz. Biz buna sevinirik, şad oluruq.
Prezident İlham Əliyev: Sağ olun.
Həmin kişi sakin: Ulu Öndərin vəsiyyətlərinin hamısını mən bilirəm. Onların hamısına əməl edirsiniz. O deyirdi, tapşırırdı ki, Siz Azərbaycanın işğal olunmuş 20 faiz torpağını bərpa etməlisiniz, sərhədləri düzgün müəyyənləşdirməlisiniz. İşğal olunmuş kəndləri, şəhərləri, o yerlərin hamısını azad etməklə yanaşı, yeni kənd, yeni şəhər, yeni qəsəbə salmalısınız. Bunların hamısını edirsiniz, cənab Prezident, Allah Sizi qorusun. Mən bir ağsaqqal kimi, - 81 yaşım var, - bunu deyirəm, İlahi qüvvə var, Sizə heç bir qüvvənin gücü çatmaz. Ona görə ki, deyilən bu işlərin hamısını Siz İlham Heydər oğlu Əliyev ürəkdən, yatmadan, dincəlmədən, əziyyət çəkə-çəkə edirsiniz. Hansı yerdə, hansı rayonda təməl qoyursunuzsa, onun icrası ilə maraqlanır, açılışında iştirak edirsiniz. Buna vaxt lazımdır, sağlamlıq lazımdır. Allah Sizə sağlamlıq versin, amin. Eləcə də Mehriban xanıma Allah sağlamlıq versin. Allah Sizi qorusun.
Siz Azərbaycanın 20 faiz torpağını işğaldan azad etdiniz. Otuz iki il idi ki, biz Ağdam üzünə həsrət idik. Şəxsən mən hər dəfə Sizinlə görüşəndə deyirdiniz ki, tələsmə, mərhələ-mərhələ o günə də gəlib çatacağıq. Mehriban xanım deyirdi o sözü. Doğrudan da şükürlər olsun bu günə ki, Siz onu həyata keçirə bildiniz. Elə qüvvələrlə rastlaşırdınız ki, mən televizorun qabağında saatlarla ayaq üstə durub gözləyirdim ki, görüm nə cavab alınacaq. Ona elə cavab verirdiniz, mat olurdu. Ona elə cavab verirdiniz ki, o, Sizin sözünüzdən dönə bilmirdi, Sizə baş əyirdi. Bunların hamısı Azərbaycanın Milli Qurucusu Heydər Əliyevin təcrübəsi idi. Onun vəsiyyəti idi. O, Azərbaycanın yüksəksəviyyəli memarı idi. Hər dəfə onunla görüş keçirəndə mən elə bilirdim ki, dünya bizimdir. Elə bilirdim ki, həyat bizimdir. O hakimiyyətə gəlməsə idi, Azərbaycan yox idi. O, hakimiyyətə gələndən sonra biz dirçəldik. Biz ondan sonra hər yerdə tanındıq. Həm də dünyanın hər yanında deyirdilər ki, Azərbaycanı Heydər Əliyev tanıtmışdır. İndi isə Sizin mərdliyiniz, qoçaqlığınız, güclü rəhbərliyiniz hesabına, şəhidlərimizin, qazilərimizin gücü, müharibə veteranlarımızın səyi ilə biz işğal olunmuş torpaqlarımızı azad etdik.
İndi gözəl şəhərlər salırsınız. Sizə uzun ömür, sağlamlıq arzulayıram. Arzu edirəm ki, heç bir pis qüvvə Sizə toxunmasın. Biz onu həmişə deyirik. Bütün ağdamlılar Sizi sevir. Balacasından tutmuş böyüyünə kimi bütün Ağdam camaatı Sizi dəstəkləyir. Hər dəfə söhbət düşəndə deyirlər, Allah İlham Əliyevə dəyməsin, Allah Mehriban xanıma dəyməsin. O, Azərbaycanın birinci xanımıdır. O, Azərbaycanın vitse-prezidentidir. O, İlham Əliyevə çox yaxşı kömək edir. Mən və bütün ağdamlılar arzu edirik ki, balaca Heydərimiz həmişə sağlam, gümrah olsun, Azərbaycana rəhbər olsun, Sizin özünüzün yetişdirməniz, kadrınız olsun. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev Sizi yetişdirib, onun vəsiyyətlərinin hamısına əməl edirsiniz, özü də yüksək səviyyədə. Bu hər övladın işi deyil. İndi isə balaca Heydər Azərbaycanın rəhbəri olsun. Biz onunla fəxr edirik. Biz Sizinlə fəxr edirik. Sizi sevirik, Sizi dəstəkləyirik. Bunu bütün ağdamlıların adından deyirəm, bütün komandamızın adından deyirəm.
Bir məsələni demək istəyirəm ki, mən Qarabağ atlarını ermənilərdən çox cəsarətlə aldım. O zaman aldım ki, 1992-ci il fevral ayının 26-sı idi, 366-cı alayın köməyi ilə Xocalıya hücum etdilər, Xocalını çox pis günə saldılar. Orada mənim 15 nəfər yaxın qohumum şəhid oldu. Beş nəfər yaxın qohumum əsir düşdü. Bu zaman onlar Qarabağ atını özəlləşdirmək, özününküləşdirmək istəyirdilər. Ona nail ola bilmədilər. Biz mərdliklə, qoçaqlıqla o atları gətirdik, Üçoğlanda toyuq fermasına yığdıq, orada saxladıq. Sonra da onları öz gücümüzlə Bakıya apardıq. Siz 2014-cü ildə Ağdamda köçkün şəhərciklərinin açılışında iştirak edəndə Sizə çatdırdıq ki, bəs Qarabağ atlarının vəziyyəti yaxşı deyil. Çox sağ olun, minnətdaram. Bu atlar Ağdamın milli simvolu idi. Ağdama böyük hörmət etdiniz, Qarabağ atı üçün böyük kompleks tikdirdiniz, Mehriban xanım da ona xarici dildə kitab yazdırdı, bütün dünyanın hər yanına yaydı.
Quzanlı kimi böyük bir şəhər salmısınız orada. Allah Sizdən razı olsun. Ağdam camaatı Sizə ömrü boyu minnətdardır ki, Qarabağ atını Ulu Öndərimiz Heydər Əliyevin tapşırığı ilə regionların iqtisadi inkişafı dövlət proqramına saldınız. İndi Sizin və Mehriban xanımın hesabına orada Qarabağ atı inkişafdadır, özü də yüksək səviyyədə.
Bizim qoşa minarəli Ağdam məscidini, Cümə məscidini ermənilər məhv etmişdi. Çox xırdalamıram. Onu Siz yenidən bərpa etdiniz. Biz ağdamlıların ürəyindən keçən işləri etdiniz. Muğam evini yaratdınız. Muğam evi bizim Ağdam üçün ən lazımlı bir yerdir. Həm Muğam evi, həm Qarabağ atı, həm də ki, o başqa işlərin hamısını Siz yüksək səviyyədə gördünüz. Allah Sizin köməyinizdə olsun. Siz yaxşı ailənin, gözəl ailənin, Ulu Öndərimiz Heydər Əliyevin düzgün, cəsarətli oğlusunuz. Onun vəsiyyətlərini Siz yerinə yetirdiniz. Öpürəm Sizi. Bütün ağdamlıların adından Sizə öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Biz səni sevirik. Səni də, bütün uşaqlarını da, balaca Heydəri də sevirik.
Prezident İlham Əliyev: Sağ olun, mən də sizi sevirəm.
Həmin kişi sakin: Sənin arxanca haraya desən, getməyə hazırıq. Siz ki, o qatarı gətirib Ağdama çıxarmısınız, nə desən, etməyə hazırıq. Ağdamda Baş plan üzrə gözəl şərait yaradırsınız. O Baş plan haqqında mənim məlumatım var. Allah Sizə ömür versin. Allahdan arzu edirəm ki, İlahi qüvvə sənə, yoldaşına, balalarına sağlam ömür versin.
Prezident İlham Əliyev: Sağ olun.
x x x
Daha sonra sakinlərə evlərin açarlarının təqdim edilməsi mərasimi oldu.
Dövlətimizin başçısına minnətdarlığını bildirən Maarif Hüseynov dedi: Öpürəm Sizi. Bütün Azərbaycanı yaşatdın, təkcə Ağdamı yox. Ağdamın əhalisi səni çox istəyir, sənin arxandadır, necə deyim, ürəyin istəyən qədər sənə köməyi var. Öpürəm səni, öpürəm.
Prezident İlham Əliyev: Çox sağ olun. Bilirsiniz, biz Eyvazxanbəylidə də gözəl bir mərkəz yaradacağıq.
Maarif Hüseynov: Sağ olun, bilirəm, bilirəm.
Prezident İlham Əliyev: Yəni atın əsl vətəni oradır da, bilirsiniz.
Maarif Hüseynov: Oradır, amma inanın ki, o nəslin korlanmasının qarşısını alan birinci növbədə Ulu Öndərimiz Heydər Əliyev oldu.
Prezident İlham Əliyev: Amma siz o vaxt o atları çıxarmasaydınız, onlar batacaqdı.
Maarif Hüseynov: Erməni sevinəcəkdi, deyəcəkdi, Qarabağ da bizimdir, elə Qarabağ atları da. Öpürəm Sizi, çox sağ olun. Sizə uzun ömür arzu edirəm. Balalarınız xoşbəxt olsun. O balaca Heydər Sizə həmişə dayaq olsun.
Mehriban xanım Əliyeva: Balaca Heydər artıq böyüyüb (gülür).
Maarif Hüseynov: Çox xoşbəxt olsunlar. Balaları ilə xoşbəxt olsun.
Mehriban xanım Əliyeva: Çox sağ olun.
Prezident İlham Əliyev: İki uşağı var.
Sakinlər: Allah saxlasın.
Prezident İlham Əliyev: İki oğul.
Maarif Hüseynov: Siz Azərbaycanı bütün dünyada tanıdırsınız. Siz o polad yumruğunuzla elə cəsarətli komandanlıq edirdiniz ki, həyatda heç vaxt uduzmazsınız. Siz xeyirxah adamsınız. Bax o da, Siz də. Yaradırsınız, xalqı yaşadırsınız, xalqa çörək verirsiniz. Bunlar hamısı Sizin qanınızda var, Sizdə var. Sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Təbrik edirəm, xoşbəxt yaşayın.
Maarif Hüseynov: Çox sağ olun, Allah Sizdən razı olsun.
x x x
Sonra xatirə şəkilləri çəkdirildi.
x x x
Qadın sakin: Sizin ad gününüzü təbrik edirəm. Allah Sizə uzun ömür, cansağlığı versin. Allah-taala Sizi dövlətimizin, millətimizin üzərindən əskik etməsin, əskik olmayasınız. Siz bu gün bizə 30 illik həsrətin sevincini yaşatdınız. Doğma Vətənimizə qayıtdığımız üçün Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Biz anaların xeyir-duası həmişə Sizin üstünüzdə olsun.
Kişi sakin: Cənab Prezident, bu gün doğum gününüzdə burada camaatla görüşməyinizlə, elə bil ki, Ağdamı dirçəltdiniz, camaatın ürəyini genişləndirdiniz. Allah Sizi qorusun, Allah Sizə dəyməsin!