AZ

Aygün Attar: Prezident İlham Əliyevin “Dəmir yumruğ”u xalqla dövlətin vəhdətinin və həmrəyliyinin rəmzidir

Ankara, 25 dekabr, AZƏRTAC

Tarixi Vətənin hüdudlarından uzaqlarda yaşayan azərbaycanlılar Prezident İlham Əliyevə səmimi qəlbdən minnətdardır və ona sadiqdirlər.

Bu barədə AZƏRTAC-a Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) sədri, professor Aygün Attar söyləyib.

O vurğulayıb ki, Azərbaycan liderinin siyasi xətti ətrafında birləşmə ürəyi öz ölkəsi naminə döyünən hər bir diaspor nümayəndəsinin arzularının təcəssümüdür.

Professorun sözlərinə görə, Prezident İlham Əliyevin “Dəmir yumruğ”u Qələbə salnaməsini, xalqla dövlətin vəhdətini və həmrəyliyini simvolizə edir.

TADİV rəhbəri dövlətimizin başçısının uzaqgörənliyinə və zəngin siyasi təcrübəsinə diqqət çəkərək deyib: “Azərbaycan hüdudlarından kənarda yaşayan ziyalılar Prezident İlham Əliyevin Vətənin maraqlarını müxtəlif beynəlxalq platformalarda və tədbirlərdə qətiyyətlə müdafiə edən siyasətini yüksək qiymətləndirirlər. Prezident hər bir azərbaycanlı üçün nümunədir və biz onunla haqlı olaraq fəxr edirik”. Aygün Attar, həmçinin qeyd edib ki, Azərbaycan lideri müsəlman dünyasına münasibətdə Qərb nümayəndələrinin qərəzli yanaşmalarını və stereotiplərini də məhv edir.

O bildirib ki, Prezident İlham Əliyevin çıxışları diaspor nümayəndələrində milli məsuliyyət hissini gücləndirir, onları yaşadıqları ölkələrdə uğurlara ruhlandırır.

A.Attar Prezident İlham Əliyevin idmana xüsusi münasibətini, dövlət başçısının sağlam cəmiyyətin formalaşmasına verdiyi töhfəni də yüksək qiymətləndirib. O qeyd edib ki, müasir Azərbaycan çoxsaylı beynəlxalq idman tədbirlərinin tanınmış məkanına çevrilib. “Sağlam cəmiyyət ölkəmizin gələcək nailiyyətlərinin təminatıdır, qarşıya qoyulan bütün məqsədlərə çatmaq üçün stimuldur, respublikanın işğaldan azad edilmiş ərazilərinin bərpasını sürətləndirmək imkanıdır. “Böyük Qayıdış” proqramı səylərin səfərbər olunmasını, dəmir iradəyə malik, ruh gücü ilə Azərbaycan naminə birləşmiş vətəndaşların olmasını tələb edir”, – deyə Fondun rəhbəri vurğulayıb.

A.Attar Prezident İlham Əliyevin “Dəmir yumruğ”unu Azərbaycanın maraqlarına zərər vurmağa çalışan “beşinci kolon”un və xarici dairələrin qarşısında güclü sipər adlandırıb.

“Bu gün biz torpaqları azad edilmiş, suverenliyi bərpa olunmuş doğma Azərbaycanla haqlı olaraq fəxr edirik. Bu, 44 günlük Vətən müharibəsi zamanı 30 illik problemi həll edən, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Qarabağın xilaskarı Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuzun göstərdiyi qəhrəmanlıq sayəsində mümkün olub”, – deyə A.Attar bildirib.

Professor vurğulayıb ki, bu gün Azərbaycanın başında həm döyüş meydanında, həm də diplomatik cəbhədə düşmən üzərində qələbə qazanan igid Prezident dayanır: “Azərbaycan lideri Vətənimizin torpaqlarını işğal etməyə cəsarət edənlərin hamısına dərs verdi. İşğalçıları “it kimi” Azərbaycan torpaqlarından qovan Prezident İlham Əliyev Türkiyənin siyasi və mənəvi dəstəyi ilə bütün Türk dünyasına Qələbə bəxş etdi. Ədalətin təntənəsini Azərbaycanın salnaməsinə yazan liderimizlə səmimi qürur duyuruq”.

A.Attar Qarabağda Qələbəni ürəyi Azərbaycanla döyünən hər kəsə ən böyük hədiyyə edən Ali Baş Komandanı doğum günü münasibətilə təbrik edərək deyib: “Cənab Prezident, Vətəndən uzaqda yaşayan azərbaycanlıları heç vaxt unutmadığınıza, dövlətimizin mənəvi gücünü və xalqımızın mənəvi dəstəyini hiss etdirdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
91
1
azertag.az

2Mənbələr