AZ

Trampın dəstəklədiyi Nasri Asfura Hondurasda prezident seçilib

BAKI, 25 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın açıq şəkildə dəstəklədiyi Milli Partiyanın namizədi Nasri Asfura Hondurasda keçirilən prezident seçkilərinin qalibi elan olunub.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Asfura səslərin 40,3 faizini toplayaraq Liberal Partiyanın namizədi Salvador Nasrallanı minimal fərqlə geridə qoyub. Nasralla seçkilərdə 39,5 faiz səs qazanıb.

Seçkilərin nəticələrinin açıqlanması bir neçə həftə gecikib. Buna səbəb texniki nasazlıqlar, prosesdə yaranan fasilələr və seçki protokollarının 15 faizinin əl ilə yenidən sayılması olub.

Donald Tramp seçki kampaniyası dövründə Nasri Asfuranı “Hondurasda azadlığın yeganə həqiqi dostu” adlandırıb, seçiciləri ona səs verməyə çağırıb və favoritinin məğlub olacağı təqdirdə ölkəyə maliyyə dəstəyinin dayandırıla biləcəyi ilə hədələyib.

Bununla yanaşı, müxalifət və hakim “LIBRE” partiyasının nümayəndələri seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər. Honduras Konqresinin sədri Luis Redondo Mərkəzi Seçki Komissiyasının qərarının qanunvericiliyə zidd olduğunu bildirib. Asfuranın rəqibləri isə ABŞ-nin seçki prosesinə müdaxiləsinin onların qalib gəlmək şanslarını zəiflədiyini iddia edirlər.

Xatırladaq ki, daha əvvəl Donald Tramp Honduras hakimiyyətini səslərin sayımını uzatmaqda ittiham edərək “ağır nəticələrlə” hədələmişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə noyabrın 27-də ABŞ prezidentinin Hondurasdakı seçkilərə və ölkənin daxili işlərinə müdaxilə etdiyini açıqlamışdı.

Seçilən
34
teleqraf.com

1Mənbələr