Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Qulu Mansurovun (adı, soyadı şərtidir) barəsindəki kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməyib.
İbtidai istintaq materiallarına görə, Qulu Mansurov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda dələduzluq) ilə ittiham olunub.
İstintaqla müəyyən edilib ki, o, tamahlıq niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi güdüb. Bu niyyətlə Qulu özünü guya hüquq-mühafizə və məhkəmə orqanlarında geniş tanışlıq əlaqələrinə malik şəxs kimi təqdim edərək tanışı, zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) etibarını qazanıb.
Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qardaşı ilə arasında mövcud olan mülk mübahisəsinin guya özünün məhkəmə strukturlarında olan əlaqələri vasitəsilə müəyyən məbləğ pul müqabilində asanlıqla F.F.-in xeyrinə həll ediləcəyini vəd edib. O, bu yolla onu aldadaraq müxtəlif vaxtlarda pul vəsaitləri alıb.
İttihama görə, Qulu 2021-2022-ci illərdə paytaxt ərazisində müxtəlif vaxtlarda F.F.-dən ümumilikdə 210 000 manat məbləğində pul vəsaitini aldadaraq ələ keçirib, ona külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törədib.
Kamal Məmmədov