AZ

Hökümənin ən böyük arzusu Kəlbəcərdə evinin olması idi - Cəlil Əliyev

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür. "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Həyatını itirənlərdən üçü ekipaj üzvü olub.

Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən təyyarənin ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

"Höküməsiz keçən bir ili təsvir belə edə bilmərəm. 10,20 və daha çox illər də keçsə dərdimiz bizimlə yaşayacaq. İçimizdə yanğın, qasırğa, tufan hansı hiss axtarsanız var".

Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib.

O bildirib ki, Hökümənin ən böyük arzusu Kəlbəcərdən ev almaq olub.

"Qismət elə gətirdi ki, cənab Prezident İlham Əliyev özü ailəmizə Kəlbəcərdə evin açarlarını təqdim etdi. Hazırda özüm Samuxda yaşayıram, oğlum isə ailəsi ilə birlikdə Kəlbəcərdə həmin evdə. Oğlum Kəlbəcərdə DOST mərkəzində çalışır".

C.Əliyev qeyd edib ki, torpaqlarımız işğal olunduqdan sonra ailəlikcə Rusiya və Azərbaycanın müxtəlif ərazilərində yaşayıblar:

"Topraqlarımız işğaldan azad edilənədək məcburi köçkün kimi Rusiya və Azərbaycanın müxtəlif ərazilərində, 2003-cü ildən isə Samuxda məskunlaşmışıq. Hökümədən soruşanda ki nə üçün stüardessa kimi çalışmaq istəyirsən, deyirdi ki, müxtəlif şəhərlərdə yaşamışıq və fərqli yerlərdə olmaq mənim hobbimdir. Hökümə Bakının Nəsimi rayonunda özünə ev almışdı. Bir ildir ki, onun evinə yaxın gedə bilmirəm",-deyə o bildirib.

 

Atası vurğulayıb ki, Hökümə çox sakit təbiətli, öz hüquqlarını yaxşı bilən biri olub.

"Qızım 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi, sonra isə təyyarə bələdçisi kimi işləməyə başlayıb. 2024-cü ilin sentyabrında Azərbaycan Hava Yollarında hüquqşünas kimi çalışmaq üçün imtahan vermişdi, məhz son (təyyarə qəzasının baş verdiyi) uçuşundan sonra yeni vəzifəsinin icrasına başlayacaqdı. Hökümə magistratura təhsili üçün Liverpul Universitetinə qəbul olunmuşdu, lakin getməsinə icazə vermədim".

C.Əliyev bildirib ki, Prezident İlham Əliyev onlarla görüşəndə təyyarə qəzasına səbəb olanların layiqli cəzalarını alacaqlarını bildirib.

Hökümə Əliyevanın atası qızına olan hörmət və diqqəti xüsusi vurğulayıb:

"Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın adı verilib. Böyük humanizm göstərdiyinə görə Hökümə Çingiz Aytmatov adına medal ilə təltif olunub. Polşada Azərbaycan Diaspora təşkilatı Tələbə Gənclər Təşkilatı ilə birgə "Hökümə Əliyeva adına" təqaüd təsis edilib. Artıq 7 nəfər azərbaycanlı tələbə həmin təqaüddən yararlanır".

C.Əliyev əlavə edib ki, Hökümənin ailəsi səbrsizliklə təyyarə qəzasınının baş verməsinə səbəb olanların yaxalanmasını gözləyir.

"Yayda təyyarə qəzasının baş verdiyi əraziyə getdim oradan qayıdanda özümə gələ bilmirdim",- deyə o əlavə edib.

Qeyd edək ki, iki gün öncə (dekabrın 23-ü) "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən il dekabrın 25-də Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb. Poçt markasının dövriyyəyə buraxılışı AZAL və "Azərpoçt" MMC-nin birgə təşəbbüsüdür və Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının ildönümünə həsr edilib.

Seçilən
35
6
day.az

9Mənbələr